Ötən gecə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb edilib.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində doqquzmərtəbəli binanın 6-cı mərtəbəsinin pilləkən qəfəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində pilləkən qəfəsində 3 kvadratmetr sahədə məişət tullantıları yanıb. Yanğın zamanı 6 nəfər bina sakini FHN-in qüvvələri tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.
Bina və mənzillər yanğından mühafizə olunub.