Dəhşətli qəzada öldüyü deyilən sürücünün meyiti yoxa çıxdı

10:40 - 29 May 2023 - HADİSƏ

Dünən Yevlax rayonunda baş vermiş ağır qəzada ölən və yaralananların adları məlum olub.

“Qafqazinfo” xəbər verir ki, 2003-cü il təvəllüdlü İsmayılzadə Vəfadar Eldar oğlunun idarə etdiyi “Mersedes C 200” markalı avtomobilin Bərdə-Stansiya Mingəçevir yolunun Yevlaxın Kolanı kəndi ərazisindən keçən 42-ci km-də aşması nəticəsində 2 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb.

Belə ki, avtomobildə olan sərnişin, 2007-ci il təvəllüdlü Fərzəliyev Şahlar Səxavət oğlu hadisə yerində ölüb, digər sərnişinlər: 2006-cı il təvəllüdlü Hacızadə Məhəmməd Elnur oğlu, 2003-cü il təvəllüdlü Məhərrəmov Mikayıl Həsrət oğlu və Yusufov Əli Pərviz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Bərdə şəhəri Diaqnostika Mərkəzinin Acil Şöbəsinə yerləşdiriliblər.

Hadisədən sonra sürücü Vəfadar İsmayılzadəni qəzanın baş verdiyi yerdə aşkar etmək mümkün olmayıb.

Qəza “Yuxarı Qarabağ” kanalına yaxın ərazidə baş verdiyindən hadisə vaxtı sonuncunun kanala düşməsi ehtimal olunur. Onun tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Xəbər xətti