Sumqayıt şəhərində yerləşən Psixiatriya Xəstəxanasından oğurluq edilib.
DİN-dən Ucnoqta.az-a verilən məlumata görə, naməlum şəxs və ya şəxslər 15-16 may tarixləri arasında xəstəxananın pəncərəsinin dəmir barmaqlıqlarını qıraraq içəridən ümumi dəyəri 46 min manat olan kompüter avadanlıqları, yaddaş qurğuları, tibbi ləvazimatlar və digər elektron avadanlıqlar oğurlayıblar. Xəstəxanadan daxil olan məlumat əsasında dərhal Sumqayıt Şəhər Polis İdarəsində araşdırmalara başlanılıb. Hadisə yerinə baxış keçirilib müvafiq istintaq hərəkətləri icra edilib. Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakinləri Ziyəddin Qəmbərov və Azər Qasımov qısa müddətdə saxlanılaraq istintaqa təqdim olunublar. Hər iki şəxs ifadələrində etdikləri oğurluq hadisəsini etiraf ediblər.
Qeyd edilib ki, xəstəxanadan oğurlanan avadanlıqların bir qismi saxlanılan şəxslərdən aşkar olunaraq maddi sübut kimi götürülüb. Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 177.2.3 (oğurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə cinayət işinin ibtidai istintaqına başlanılıb. Ziyəddin Qəmbərov və Azər Qasımov təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir. Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa, Sumqayıt Şəhər Polis İdarəsinə, "102" Xidməti-Zəng Mərkəzinə və ya DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.