“Saytlarda yazırlar ki, “Mehriban Ələkbərzadə AZDRAMA-da yüksək vəzifəyə təyin olundu”. Mənim Mehriban xanımın teatra bədii rəhbər getməsinə sevinməməyimin səbəbi ona olan sevgimdən, inamdan, eşqimdən irəli gələn bir şeydir. O mənada yox ki, onun vəzifəyə getməsinə sevinməmişəm. İstəməzdim ki, bizi atıb gedib, başqa teatrda işləsin. Mən hesab edirəm ki, bizim teatr heç bir teatrdan geri qalan teatr deyil. Bizim aktyorlar çox əzmkar, zəhmətkeş aktyorlardır”
Ucnoqta.az xəbər verir ki,bunu Moderator.az-a açıqlamasında xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktyoru Yasin Qarayev deyib.
“Mehriban xanım rejissor kimi çox bəyəndiyim, sevdiyim, çox istədiyim bir insandır. Uzun illərdir Mehriban Ələkbərzadəni tanıyıram. Rejissor kimi onun duyumuna, yozumlarına, filmlərinə bələdəm. AZDRAMA-da səhnələşdirdiyi parlaq tamaşalara dəfələrlə baxmışam. O adamın geniş imkanlara malik olan rejissor olduğunu özümdə təsdiq etmişəm və həmişə də sevmişəm. Bizim teatra baş rejissor təyin olunandan sonra, özünün müəllifi olduğu “VXA (“Vətən xainlərinin arvadları”) tamaşasına çox vurğun oldum, bəyəndim. Uzun müddət məşqlərimiz oldu. Orada mən 1-ci hissənin sonunda 10-15 dəqiqəlik səhnəyə çıxıram. Həddindən artıq zövq aldığım, indiyə qədər oynamadığım bir rol idi. Mənim fikirlərimi öyrənirdi, ona düşüncələrimi, hisslərimi danışırdım. Mənə imkan yaradırdı. Tamaşa da tamaşaçılar tərəfindən gözəl qarşılandı. Tamaşada 75 aktyor rol almışdı. 4 saat bəlkə də ondan da çox müddəti var idi. Hiss etdim ki, tamaşaçılar bu tamaşanı qəbul etdi” deyə sənətkar bildirib.
Xalq artisti teatra Nicat Kazımovun baş rejissor təyin olunacağına ümid bəsləyir.
“Əməkdar artist Nicat Kazımovu gənclik illərindən tanıyıram. O Pantomim teatrında çalışıb. Bəxtiyar Xanızadənin tələbəsi olub. Çox savadlı, istedadlı rejissordur. Bu illər ərzində Nicat çox sayda tamaşa hazırlayıb. Aktyorların arasında olan bir insandır. Dövlət tədbirlərini yüksək şəkildə təşkil edib. Əlbəttə, bu onun rejissor bacarığının nəticəsidir. Mədəniyyət Nazirimiz Adil Kərimliyə müraciət edərək, Nicat Kazımovun baş rejissor olmasını xahiş etmişəm. Buna mənim də mənəvi hüququm var. Yaxından tanıdığım, istedadlı bir adam haqda müraciət etmişəm. Hələ ki, cavab verməyiblər. Nicatın haqqı var, bütün kollektiv onu çox sevir” deyə sənətkar bildirib.