12-13 may Moskva Dövlət Filarmoniyasının əsas konsert salonu olan - Çaykovski Konsert zalında E. Svetlanov adına Rusiya Dövlət Akademik Simfonik orkestri ilə Azərbaycanlı dirijor, Respublikanın Əməkdar artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının musiqi rəhbəri və baş dirijoru, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin silsilə konsertləri baş tutub.
Ucnoqta.az xəbər verir ki, Moskva Dövlət Filarmoniyasının iki daimi abonementləri olan “Bir şedevrin tarixçəsi” və “Gənc istedadlar” proqramına daxil olan konsertlər böyük marağa səbəb olub.
“Şedevrin tarixçəsi” layihəsi çərçivəsində dahi avstriya bəstəkarı Frans Şubertin “Yarımçıq” adı ilə tanınan 8-ci simfoniyası ilk dəfə olaraq tam variantda dinləyicilərə təqdim olunub. Sensasiya çevrilən gecədə bəstəkarın əlyazmaları əsasında məşhur musiqişünas Filip Leqq tərəfindən bərpa olunan əsər azərbaycanlı dirijor Əyyub Quliyev ifasında bütöv şəkildə səslənib.
Simfoniya ilə bərabər roqramda F. Şubertin “Rozamunda, Kipr şahzadəsi” pyesinə musiqi də özünəməxsus yer tapıb.
Konsertin aparıcısı və layihənin rəhbəri, tanınmış musiqişünas Artem Varqaftik bəstəkarın ən sirli əsərinin yaranma tarixi haqda geniş məlumat verib. Digər konsertdə üç xüsusi istedada malik gənc musiqiçi, beynəlxalq müsabiqə laureatları - Nikolay Kuznetsov (fortepiano), Aleksandr Papuşev (skripka) və Sergey Davıdçenkonun (fortepiano) çıxışları böyük əks-səda yaradıb. Tamaşaçıların marağını nəzər alaraq həmin solistlərin ifasında N. Paqanini, S. Prokofyev və C. Gerşvinin əsərləri Moskva Filarmoniyası tərəfindən lentə alınmış və rəsmi sayta yerləşdirilib. Konsert bitdikdən sonra yerli musiqi həvəskarları azərbaycanlı dirijoru və gənc solistləri ayaq üstə alqışlayıblar.