“Futbolçularıçmı təbrik edirəm. Sevinirəm ki, bu il bunu bacardılar”.
Oxu.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandasının 2022/23 mövsümünün qalibi olması ilə bağlı danışarkən deyib. Təcrübəli mütəxəssis səfərdə “Səbail”i 3:0 hesabı ilə məğlub etdikləri matçdan sonra komandası ilə fəxr etdiyini bildirib:
“Futbolçular mövsümün əvvəlindən bu günə kimi hər matça çempionluq istəyilə çıxdılar. Azarkeşlərimizi təbrik edirəm. Komandam, futbolçularımla fəxr edirəm”.
Təcrübəli çalışdırıcı Çempionlar Liqasında daha irəli getmək istədiklərini söyləyib:
“İndidən avrokuboklardakı hədəf barədə danışa bilmərik. Məqsədimiz daha irəli getməkdir. Komandanı necə hazırlaşdıra biləcəyik, bunu demək çətindir. Bəzi dəyişikliklər etmək planlarımız var. Heyətimizi genişləndirməyə çalışacağıq. Daha irəli getmək istəyirik”.