Paşinyan Azərbaycanla sülh sazişi imzalamasa belə, Qarabağda erməni separatizminə son qoyulacaq - Politoloq

13:04 - 5 May 2023 - SİYASƏT

ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər naziri Ceyhun Bayramovun Ararat Mirzoyanla ABŞ-da mayın 1-dən 4-ə qədər davam edən danışıqlarda əsas məsələlər üzrə mövqelərin fərqli qaldığı etiraf edilib. Buna baxmayaraq, Entoni Blinken müsbət nəticəyə ümidlidir. O tərəflərin razılığa gəlmək ərəfəsində olduğuna əmindir. Blinken finişə az qaldığı qənaətindədir.

Ucnoqta.az xəbər verir ki, bunu siyasi ekspert Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, bu, Vaşinqtonun 22 ildən sonra ikinci cəhdi idi: 

"2001-ci il 3 aprel tarixində ABŞ-ın Florida ştatının Ki-Uest şəhərində ABŞ-ın o zamankı dövlət katibi Kolin Pauellin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Robert Köçəryanın birgə görüşü oldu. Danışıqlar budəfəki kimi intensiv olaraq 4 gün davam etdi, ancaq nəticəsiz qaldı. Çünki Ermənistan həmin dövrdə özünü müharibənin qalibi saydığından masada Qarabağ məsələsində heç bir addım atmaq istəmirdi".

Ekspert qeyd edir ki, hazırda rollar dəyişib:

"İndi məğlub Ermənistanın tələsməyə ehtiyacı var. Vaşinqton gələcəkdə Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasında da görüş təşkil etməyə çalışacaq. Kolin Paulell 2001-ci ildə tərəfləri barışdıra bilmədi, Entloni Blinken isə müsbət nəticə əldə etməyə çalışacaq. Sülh sazişinin imzalanması Ermənistanın sülh sazişi mətnində Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı Azərbaycan ərazisi kimi tanımasına hazır olmasından asılıdır. Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq sazişi imzalamağı yubatmağa çalışır. Nikol Paşinyanın fikrincə, sülh sazişi imzalandıqdan sonra Azərbaycan Qarabağda separatizmə son qoyacaq, ona görə sülh sazişiylə “risqə” getmək istəmir. Paşinyan Azərbaycanla sülh sazişi imzalamasa belə Qarabağda erməni separatizminə son qoyulacaq. Bunun sülh sazişi ilə əlaqəsi yoxdur".

Xəbər xətti