Sumqayıtda 7 yaşlı uşağın ölümünə səbəb olan tanınmış idmançı Mehman Xəlilovun məşq zamanı uşaqlarla kobud rəftarının görüntüləri yayılıb.
Ucnoqta.az xəbər verir ki, yayılan görüntülərdə M. Xəlilovun məşq zamanı uşaqlara qarşı qəddarcasına hərəkət edir. Uşağın halsız olmasına baxmayaraq saçından tutur, təpikləyir.
Xatırladaq ki, 2016-cı il təvəllüdlü Fərid Bakarov Avropa oyunlarının bürünc mükafatçısı, tanınmış idmançı Mehman Xəlilovun keçirdiyi sambo məşqləri zamanı ağır xəsarət alıb. Belə ki, M.Xəlilov azyaşlıya qarşı təhlükəli fənd işlədib və 7 yaşlı Fəridin başı bədəninin altında qalması səbəbindən boynu qırılıb.
Hadisəni törədən 1994-cü il təvəllüdlü Mehman Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Azərbaycan Cüdo Federasiyası 7 yaşlı uşağı öldürməkdə şübhəli bilinən müəllim Mehman Xəlilovla bağlı açıqlama yayıb.
ACF-dən verilən məlumata görə, mətbuatda gedən xəbərlərdə məşqçi kimi adı çəkilən Mehman Xəlilov cüdo məşqçisi deyil.
Bildirilib ki, adıçəkilən mütəxəssis rəsmi olaraq başqa idman növü üzrə fəaliyyət göstərib: "Hadisənin baş verdiyi məşq də rəsmi olaraq digər idman növü üzrə keçirilib"