Ramiz Quliyevin 75-liyinə həsr olunmuş kitab çap olunub

14:02 - 5 Aprel 2023 - Mədəniyyət

Görkəmli sənətkar, Respublikanın xalq artisti, professor, Dövlət mükafatı lauteatı, “Şöhrət” və “Şərəf” ordənli tarzən Ramiz Quliyevin 75-liyinə həsr olunmuş “Ramiz Quliyev. Səslən tarım” adlı kitabı işıq üzü görüb.

Ucnoqta.az xəbər verir ki, “Elm və təhsil” nəşriyyatında çap olunan kitabın redaktoru və tərtibatçısı tanınmış jurnalist Tahir Aydınoğludur. “Yaradıcılıq xatirələrimin palitrası” adlanan məcmuədə dünya şöhrətli tarzənin şəxsi xatirələri ilə bərabər, Azərbaycan və digər ölkələrin tanınmış sənət xadimləri və musiqiçilərinin məqalələri yer almışdır.

Professor Ramiz Quliyevin 65- lik yaradıcılıq fəaliyyəti və bu tarıx zamanı baş vermiş əlamətdar hadisələr sənətkarın həmkarları və tələbələrinin yazılarında daha da canlanır və maraqlı məqamları ilə diqqət cəlb edir. Qeyd etmək lazımdır ki, məcmuə 6 hissədən ibarətdir - ilk iki bölümdə tarzənin uşaqlıq və gənclik illəri bağlı xatirələri əks olunmuşdur.

Həmçinin, burada Ramiz Quliyevin yerli və xarici mətbu orqanlarda işıq üzü görmüş məqalə və yazılarına yer ayrılmışdır. Kitabın xüsusi bölümü Azərbaycanın İkinci Qarabağ müharibəsində mübarizəsi və möhtəşəm qələbəsinə həsr olunmuşdur. Növbəti iki bölüm isə sənətkarın sinifində müxtəlif illərdə təhsil almış  tanınmış sənət adamlarının xatirələrindın ibarətdir - Milli Konservatoriyanın rektoru, professor Siyaviş Kərimi, Abdulla Qurbani, Serhat Turunc, Elxan Mənsurov, Malik Quliyev, Ramiz Əzizov, Sahib Paşazadə, Vüsal İskəndərzadə, Ümid İbrahimov, Şahin Verdiyev, Polina Desyatniçenko, Muhammad Aman və digər tarzənlərin məqalələrində professor Ramiz Quliyevin pedaqoji yanaşması və yeni tar məktəbinin özəllikləri geniş təhlil olunmuşdur.

Məcmuənin son iki bölümündə Milli Məclisin mədəniyyət komitəsinin sədri deputat Qənirə Paşayeva, professor Elmira Axundova, professor Nizami Cəfərov, Elmlər Akademiyasının vitse prezidenti Dilqəm Tağıyev, professor Qəzənfər Paşayev, tanınmış yazıçı Natiq Rəsulzadə və Azərbaycanın digər tanınmış siyasi, mədəni və ictimai xadimlərinin yazılarına xüsusi yer ayrılmışdır. İndiyənə qədər heç bir yerdə çap olunmamış və professor Ramiz Quliyevin şəxsi arxivindən olan fotolar kitaba xüsusi rəng qatmışdır. 

Xəbər xətti