44 günlük müharibədən sonra ilaxır çərşənbəni üçüncü dəfə qalib ölkənin vətəndaşları kimi qeyd edirik
“Ah bayramlar, bayramlar”. Yəqin ki, hər bir kisi ömründə heç olmasa bir neçə dəfə bu kəlməni işlədib. Çünki bayram xərcləri onların çiyninə düşür. Bəs qadınlar? Onlar isə evi də yığışdırır, bayram yeməkləri hazırlayır, uşaqlarının və həyat yoldaşlarının qulluğunda da dururlar. Və qarşılıqlı dəstəklə bayramlarını qeyd edirlər. Bu bayramlardan biri Novruz bayramıdır.
Novruzun gəlişinin ilk müjdəçiləri isə çərşənbələrdir. Bayram məhz çərşənbələrdən başlayır və özündə dörd ünsürü (su, od, yel, torpaq) bilrləşdirir. El dilində onlara “boz ayın çərşənbələri” də deyirlər.
Bu gün isə Novruzun çərşənbələrindən sonuncusunu, Torpaq şərşənbəsini və ya İlaxır çərşənbəni qeyd edirik. O mifik kökləri etibarilə “dirilmə, canlanma” anlayışı ilə əlaqədardır. Şənlik və mərasimləri özünəməxsusluğu və rəngarəngliyi ilə seçilir və Azərbaycanda digər çərşənbələrə nisbətən daha təmtəraqlı qeyd olunur.
Onun da özünəməxsus özəllikləri var. Bu barədə “Aran Ağcabədi” İnternetTV-nin redaktoru, şair Gündüz Sevindik deyir ki, Novruz inancları xalqımızın min illik tarixi köklərinə bağlıdır.
“Ənənələrimizin çoxu da Novruzdan qalmadı. Odu, ocağı həmişə müqəddəs bilmişik. Doğulub boya-başa çatdığım məhlə əsasən bina evlərindən ibarət idi. Qonşu binaların uşaqları da İlaxır çərşənbədə həyətimizə toplaşardılar. Bunun da səbəbi vardı. İlaxır çərşənbəyə bir neçə gün qalmış birlikdə taxta, ağac budaqları, odun parçaları toplayıb tonqal qalayacağımız yerə yığardıq. Ən böyük tonqal bizim bunanın həyətində qalanar, ətrafına daha çox uşaqlar toplanardı.
Təkər şinləri də çox idi və onun tüstüsü ətrafı qara dumana bürüyərdi. Yüksək yumir hissinə malik rəhəmətlik atam günortadan bizə deyirədi: bu axşam yenə hamınız Həbəş uşaqlarına dönəcəksiniz, qapqara qaralacaqsınız. Sonra ürəkdən gülərdi. Tonqalın üstündən tullanmaqla azar-bezardan xilas olacağımıza inanardıq. Belə hesab edərdik ki, bir tonqalın üstündən yeddi dəfə və ya yeddi tonqalın hərəsinin üstündən bir dəfə tullanmaqla azar-bezarlarımız yanır. Tullanarkən bu sözləri deyərdik: “Sarılığım sənə, qırmızılığın mənə”, ya da: “Ağırlığım-uğurluğum odda yansın”.
Məncə, tonqal üstündən atlanmaq köhnə ilin qada-balasını odda yandırmaq, yeni ilə qədəm qoymaq deməkdir. Onun ətrafına yığışan uşaqlar dərd-bəlanı köhnə ildə qoymaq və yeni ilə sağlam qədəm qoymaq üçün tonqalın üstündən dəfələrlə tullanardılar. Evə gələndə üst-başımız tüstü iyi verərdi. Ona görə də, üst paltarlarımızı dəyişər, təzə paltar geyinib həyətə çıxardıq. Hisli-paslı paltarlarımızı isə eyvanda və ya həyətdə asardıq ki, yel dəysin, iyi getsin.
Onu da deyim ki, tonqal heç vaxt su ilə söndürülməz. O özü sönəndən sonra, əgər o, həyətdə qalanıbsa, cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb evdən kənar bir yerə, çölə atmalıdırlar. Bu o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtliyi atılan küllə birlikdə ailədən uzaqlaşır.
İlin axır çərşənbə gecəsini ailə üzvlərinin öz evində bayram etməsi də çox vacib sayılır. Əks halda bunu etməyənlərin Novruzu yeddi il dalbadal başqa yerdə qarşılayacağı inamı var. Süfrələrimizin şahı isə kişmişli plov idi və bərəkət rəmzi sayılırdı. Həmin gün qonşumuz Sinəxanım evdən kimsəyə ələk, od, kibrit, neft, ağartı, un, çörək və s.verməzdi və hesab edərdi ki, onların verilməsi evin bərəkətini aparır.
Yaşlılardan eşitdiyimiz inanclar vardı. Duzlu kömbə yeyib niyyət tutmaq, papaq atmaq, pəncərənin ağzına yumurta qoymaq və s. Mən pəncərənin ağzına yumurta, onun da yanına qara və qırmızı karandaşlar qoyub niyyət tutardım.
Nənəm deyərdi ki, gecə mələklər gəlib yumurtanın üstündə karandaşla xətt çəkəcək. Məsələn, yumurtanın üstünə qara xətt çəkilibsə, demək niyyət tutan üçün gələcək həyat uğurlu olmayacaq. Bir halda ki, rəngin adı qaradır. Amma yumurtanın üstünə qırmızı xətt çəkilən insanın “gələcəyi xoşbəx olacaq” deyirdilər. Təəssüflər olsun ki, yuxudan duranda niyyət etdiyim yumurtanın üstündə heç bir işarə olmazdı.
İlaxır çərşənbədə ətrafına salxım söyüdlər əkilmiş kanalın ətrafına toplaşar, bəzən səhərədək yuxusuz qalırdıq. Həmin söyüdlər bu gün də durur. İnanca görə, söyüdlər səhərə yaxın bir dəfə başını əyib suya vurur, sonra əvvəlki vəziyyətinə qayıdır. Həmin anı görən şəxs, ömrü boyu azardan-bezardan, bəd hadisələrdən uzaq olur. Yəni, Novruzun ona hədiyyəsi bu olur.
Maraqlıdır ki, Torpaq çərşənbəsində kanala gedib su gətirərdilər. Belə hesab edilirdi ki, həmin gün gecəyarısı kanaldan axan su çox təmiz və şəffaf olmaqla Zəmzəm suyudur və min bir dərdin dərmanıdır. Bu su ilə əl-üzlərini yumaqla insanlar saflaşır, təmizləşir və xoşbəxt olur, ürəklərində tutduqları arzulara çatırlar. Əslində, bu, Su çərşənbəsinin əlaməti olsa da, ilaxır çərşənbədə çaya gedənlərin sayı daha çox olardı.
Duzlu kömbə də yemişəm. Nənələrimiz ən çox duzlu kömbəni qızlar üçün bişirirdi. Bəlkə də, nəvələrinin tezmi-gecmi ailə həyatı quracağını “bu yolla” öyrənmək istəyirdilər. Amma evdə nə olurdusa, biz də ondan yeyir, niyyət tuturduq: yuxuda nə görəcəyik, kimi görəcəyik. Yuxuda isə heç kimi görmürdüm, necə yatırdımsa, eləcə də yuxudan qalxırdım. Bəlkə bu, günün yorğuluğundan irəli gəlirdi.
Ağcabədi şəhər sakini Kənan İsayev isə bildirir ki, bu çərşənbənin bir özəlliyi torba atmaqdır. Uşaq vaxtı həmişə bu günü gözləmişəm. İlaxır çərşənbəsinə bir neçə gün qalmış torbam hazır olardı. Onu qonşumuz Kübra xala tikirdi. Kübra xalanın həyat yoldaşı İnşallah əmi dərzi idi və evində paltartikən maşını vardı. İlaxır çərşənbədən əvvəl qonşuluqda yaşayan uşaqlar onların həyətinə toplaşır, sıraya düzülüb ağzı büzməli torbalarımızın tikilməsini gözləyirdik. Axşam olanda qızlı-oğlanlı məhlədəki evlərə torba sallamaq üçün gedərdik. Yığdıqlarımızı isə bir yerə, xurcuna yığar və səhərisi günü bölüşərdik.
Kübra xala çox dadlı şirin çörəklər, qoğallar da bişirirdi. Bu günədək o şirin çörəyin dadını unutmamışam.
Kənan İsayev duzlu kömbə yemədiyini bildirir.
Qeyd edim ki, İlaxır çərşənbədə istər qızlar, istərsə də oğlanlar ürəklərində bir arzu tutaraq qulaq falına çıxır və hər hansı bir evin qapısını pusurlar. Günü bu gün də bu ənənə davam edir. İnanca görə, pusulan qapıdan ilk eşidilən sözdən arzulanan niyyətin baş tutub-tutmayacağı bəlli olur. Əgər qulaq asan şəxs xoş söz eşidirsə, onda arzusunun yeni ildə yerinə yetəcəyinə inam yaranır. Çəfərbəyli kəndindən olan Vüsalə Məmmədova deyir ki, qulaq falına çıxıb və gələcək planları barədə nə isə öyrənməyə çalışıb. Taleyi ilə də maraqlanan Vüsalə qulağının, adətən, yaxşı sözlər eşitdiyini söyləyir: “Əksər hallarda qulaq falları düz çıxır. Mən bunu təcrübəmə əsaslanaraq deyirəm. Hələ ali məktəbə daxil olmamışdan əvvəl, 2002-ci ildə qulaq falına çıxmışdım. Əllərimi qulaqlarımdan çəkəndə eşitdiyim ilk söz “alınacaq” oldu. Alındı da.
2014-cü ildə, ailə qurmazdan əvvəl yenə də qulaq falına çıxmışdım. Maraqlı sözlər eşitdim. Qonşunun televizorundan eşitdiyim “bu il hər şey yaxşı olacaq” kəlməsini hələ də unutmamışam. Onu da etiraf edim ki, qızların duzlu çörək yemək niyyətini də sınamışam. Hələ yuxusunu da görmüşəm”.
Vüsalə Məmmədova deyir ki, İlaxır çərşənbədə evi, həyəti silib-süpürər, sınıq, yararsız nə varsa atarmış ki, yeni ildə sınıqlığa, uğursuzluğa düçar olmasınlar. O deyir: Anam həmin gün qohumlarını yad edər, atası evinə baş çəkər, sonra isə dünyalarını dəyişmiş insanları yada salardı. Onların ruhlarını şad etmək üçün evdəki yeməklərdən pay ayırıb qəbir üstünə gedər, yasin oxutdurardı.
Yuxarıda qeyd etdiyim kimi İlaxır çərşənbədə “duzlu kömbə” bişirilməsi adəti də var. Axşam saat 22:00-dan sonra cavan (ərgən) qız və oğlanlar onu yeyib yuxuya gedirlər. Bu belə yozulur ki, əgər onların istəklisi varsa, yuxuda öz sevgililərini görəcəklər. Bəhruz Rüstəmov deyir ki, o da duzlu kömbə yeyib: “Yeniyetmə idim. Son çərşənbə gecəsində duzlu kömbə yedim. Kömbənin – dedilər – duzunu öz əllərinizlə tökün. Biz nə qədər un vardısa o qədər də duz tökdük, kömbə oldu duz-bora. Yəni, həddən artıq duzlu. Gözlərim yaşara-yaşara onu axıracan yedim, çox çətinliklə yuxuya getdim... Su istəsəydik də, içə bilməzdik. Otaqdan su yığışdırılmışdı... Suyu yalnız yuxuda görə bilərdik. Mən, doğrudan da, suyu yuxuda gördüm. Gördüm ki, bir qız asfalt yolla, belində səhəng mənə sarı gəlir. Mən gözləyirdim, bilirdim ki, mənə su gətirəcək, gətirdi də. Yaxınlaşanda dayandı, səhəngi belindən endirib yerə qoydu, sonra qurşağandan su qabı (dolça) çıxartdı və onu su ilə doldurub mənə uzatdı. Qız qarasaçlı, hündürboylu, yaraşıqlı və naz-qəmzəli idi. İlk baxışdan vuruldum. Gözümü açanda razılıqla, özümdən məmnun halda ətrafa baxdım. Qalxıb pəncərədən küçəyə boylandım və daşlı küçəni görüb məyus oldum. Çünki yuxuda mənə su verən qız asfalt yolla gəlirdi, bizim küçənin yolu isə heç asfalt yola oxşamırdı. Elə oldu ki, evlənmək yaşım gələndə ağcabədili bir qızla evləndim. Görünür, asfalt yol Ağcabədinin yolları imiş. Belə çıxır ki, yuxuda gördüyüm qız o imiş”.
Beləliklə, 44 günlük müharibədən sonra üçüncü dəfə bayramı qalib ölkənin vətəndaşı kimi qeyd edirik. Bu qürurvericidir.
İlaxır çərşənbədə bir adət də var: un çuvalının ağzını açıq qoyarlar ki, bərəkət payalananda bağlı qalmasın. Həmişə eviniz bərəkərli, həyatınız uğurlu olsun!
Pünhan Əfəndiyev