Bakıda “Rast” filminin premyerası olub - FOTO

10:45 - 1 Dekabr 2022 - Mədəniyyət

Beynəlxalq Muğam Mərkəzində tanınmış muğam ifaçılarının iştirakı ilə "Rast" televiziya musiqili filminin təqdimatı keçirilib.

Ucnoqta.az xəbər verir ki, tədbirdə ictimaiyyət nümayəndələri, mədəniyyət və elm xadimləri, yaradıcı ziyalılar və gənclər iştirak ediblər.
Layihənin ideya müəllifi görkəmli tar ifaçısı, Dövlət mükafatı laureatı, “Şöhrət” və “Şərəf” ordenli, xalq artisti, professor Ramiz Quliyevdir. Film “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də cəkilmiş, rejissorları - Etibar Babayev (2020-ci ilin iyulunda koronavirusdan vəfat etmişdir) və Elnur Məmmədov, quruluşçu operatoru Cavid Əliyev, musiqi redaktoru isə əməkdar incəsənət xadimi Çingiz Abbasovdur.

Tədbirdə çıxış edən Elmlər Akademiyasının həqiqi üzvü, Milli Məclisin deputatı, professor Ziyad Səmədzadə, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, xalq artisti Sərdar Fərəcov, əməkdar incəsənət xadimi, professor Lalə Hüseynova və sənətşünaslıq üzrə fəlsəfə doktoru Nuridə İsmayılzadə layihənin həyata keçirilməsinin vacibliyini vurğulamış, Azərbaycan xalq musiqisinin əsasını təşkil edən muğam sənətinin YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş milli sərvət olduğunu, onun təbliğində və inkişafında dövlətin xüsusi rolunu qeyd ediblər.

"Film üzərində iş yeddi il davam etdi, çəkilişlər Azərbaycanın müxtəlif yerlərində aparıldı. Çox iş görüldü, ifaçıları, musiqiçiləri, qrupları toplamaq, ölkənin rayonlarına getmək lazım idi. Bundan başqa, sevimli rejissorumuz Etibar Babayevin həyatına son qoyan pandemiya başladı. Daha sonra 44 günlük Vətən Müharibəsi ilə bağlı hadisələr oldu. Şəhidlərin xatirəsi qəlbimizdə və ruhumuzda əbədidir. Müharibə bizə layihəni  başa çatdırmaq üçün böyük stimul verdi”, - deyə xalq artisti Ramiz Quliyev təqdimat gecəsindəki çıxışında bildirdi.

Bu film həqiqətən də muğam haqqında televiziya filmi kimi tarixə düşəcək. Hələ 1967-ci ildə görkəmli rejissor Arif Qazıyev muğam haqqında ilk “Şur” adlı filmi çəkir (“Şur” muğamı yeddi əsas ladlarından biridir). Həmin filmin operatoru  tanınmış kinorejissor, SSRİ və Azərbaycan Dövlət Mükafatları laureatı, xalq artisti Rasim Ocaqov olmuşdur. Filmdə SSRİ xalq artistləri, görkəmli muğam ustadlar iştirak etmişlər, habelə bəstəkar Fikrət Əmirovun “Şur” simfonik muğamından maestro Niyazinin dirijorluğu ilə simfonik orkestrin ifası da istifadə olunmuşdur. İndi isə, əlli beş ildən sonra yenidən muğamdan bəhs edən “Rast” filmi çəkildi. Xüsusilə də, maestro Niyazinin anadan olmasının 110-illiyinə təsadüfən edən tarixi bir layihəyə çevrildi.

Filmin çəkilişlərində tanınmış xanəndələr - Xalq artistləri Alim Qasımov, Şəfiqə Eyvazova, Mənsum İbrahimov, Nəzakət Teymurova, Aygün Bayramova, Əməkdar İncəsənət Xadimi Aqil Məlikov, Azərbaycan Dövlət Televiziya və Radiosunun kollektivləri – dirijor Nazim Hacıəlibəyovun rəhbərliyi ilə Niyazi adına simfonik orkestr və Əhsən Dadaşov adına “Xatirə” xalq çalğı alətləri ansamblı iştirak edib. Xanəndələr ifasında klassik dəstgahın bölmələri simfonik orkestrin ifasında Maestro Niyazinin “Rast” simfonik muğamı ilə maraqlı şəkildə uzlaşdırılmışdır. Filmdə əməkdar artist Azad Şükürov tərəfindən səsləndirilən dahi Füzulinin şeirləri və qəzəlləri əsərə xüsusi rəng qatıb.

Filmdən kadrların nümayişi tamaşaçıların sürəkli alqışları ilə müşayiət olunub. Sonda yaradıcı heyət çəkilişlərdən danışıb, tamaşaçılarla təəssüratlarını bölüşüblər.


Xəbər xətti