“Şuşa” musiqi albomu Polşada təqdim edildi

10:02 - 8 Noyabr 2022 - Mədəniyyət

Varşava Milli Filarmoniyasında Polşanın nüfuzlu “Orfey Klassiks” səsyazma şirkəti tərəfindən işıq üzü görmüş “Şuşa” musiqi albomunun təntənəli təqdimat mərasimi keçirilib.

Ucnoqta.az xəbər verir ki, Azərbaycanın Qələbə Günü, Şuşanın əsasının qoyulmasının 270 iliyi, Azərbaycanın Polşa ilə diplomatik əlaqələrinin qurulmasının 30-liyinə həsr olunan bu layihənin rəhbəri və ideya müəllifi Azərbaycan Respublikasının Polşada Fövqəladə və Səlahiyyətli Səfiri Nərgiz Qurbanovadır.

“Şuşa” albomu Azərbaycan Respublikasının Diaspora ilə iş üzrə Dövlət Komitəsi (DAK), Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi nəzdindəki Azərbaycan Beynəlxalq İnkişaf Fondu (AİDA) və Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçı dəstəyi və köməkliyi vasitəsi ilə gerçəkləşmişdir.

Bu tarixi layihədə eyni zamanda Hollandiyanın tanınmış musiqi produser mərkəzi olan “TACT” agentliyi və onun meneceri Pavel Marçinyak (Polşa/İspaniya) albomun icraçı produseri qismində iştirak etmişdir. “Şuşa” kompakt diskinə XX əsrdə yaşayıb yaratmış görkəmli Azərbaycan və Polşa bəstəkarları - Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Myaçeslav Karloviç, Vitold Lütoslavski və Aqşin Əlizadənin seçilmiş əsərləri daxil edilmişdir. Bütün qeyd olunan əsərlər Avropanın ən məşhur musiqi kollektivlərindən biri olan “Sinfonia Varsovia” orkestri və Azərbaycanlı dirijor, Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Respublikanın əməkdar artisti Əyyub Quliyev tərəfindən ifa olunub və 2022-ci ilin may-avqust aylarında Varşava Lutoslavski Dövlət Radiosunda lentə alınıb.

Albomun lentə yazılmasını tanınmış səs rejissorları Tomaş Lido və Qrjeqorj Loyovski (Polşa) həyata keçiriblər. CD albomun kitabı üçün annotasiyanın müəllifi Azərbaycan Bəstəkarlar İttifaqının üzvü,  sənətşünaslıq doktoru, musiqişünas Raya Abbasova, dizayneri isə Tomaş Yeziorovskidir.  

Musiqi albomunun təntənəli təqdimat mərasimi və Qələbə Gününə həsr olunmuş tədbirin rəsmi hissəsində Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova və Azərbaycan Respublikasının Diaspora ilə İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxış edərək Şuşanın ölkəmizin tarixində  tutduğu önəmli yeri, onun keçmişi və tarixi-mədəni ənənələri,  eyni zamanda Qələbə günü ilə bağlı vacib məqamları xüsusi qeyd etmişlər. Azərbaycan və Polşa musiqiçilərinin müştərək əməyi olan  “Şuşa” albomunun reallaşması iki ölkə arasında mədəni və diplomatik əlaqələrin daha da genişlənməsi və inkişafına təkan olacağı xüsusi olaraq qeyd edilib.

Rəsmi hissədən sonra gerçəkləşən bölümdə dirijor Əyyub Quliyev və Polşanın “Sinfonia Varsovia” orkestri diskə daxil olan əsərlərdən seçmə nümunələr təqdim etmişlər.
Konsertin sonunda tədbirdə iştirak edən qonaqlar - Polşa dövlət və hökümət nümayəndələri, tanınmış ictimai və mədəniyyət xadimləri, müxtəlif diplomatik missiyaların rəhbərləri və Azərbaycanın Polşada diaspora nümayəndələri musiqiçiləri ayaqüstə alqışlamışlar. Konsert proqramı bitdikdən sonra Azərbaycanın Polşadakı səfirliyi tərəfindən rəsmi qəbul təşkil edilib. 


Xəbər xətti