Görkəmli bəstəkar Mahmudov Emin Sabit oğlu (Sabitoğlu) 1937-ci il noyabr ayının 2-də Bakıda anadan olub.
Ucnoqta.az xəbər verir ki, musiqi məktəbindən sonra o, konservatoriyaya daxil olub (1954, Qara Qarayevin sinfi). İki ildən sonra Çaykovski adına Moskva Dövlət Konservatoriyasına keçirilib (1956-1961, Yuri Şaporinin bəstəkarlıq sinfi).
1961-ci ildə “Azərbaycanfilm” kinostudiyasında musiqi redaktoru vəzifəsində çalışıb. Sonrakı illərdə Dövlət Filarmoniyasında bədii rəhbər, Ü.Hacıbəyov adına Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) müəllim işləyib.
Musiqinin müxtəlif janrlarında bir çox dəyərli əsərlərin müəllifi olan Emin Sabitoğlu bir simfoniya, üç simfonik poema, üç kantata, simli kvartet, skripka və fortepiano üçün poema yazıb. Lakin bir neçə musiqi janrı onun yaradıcılığının əsasını, müəyyənedici hissəsini təşkil edirdi.
O, 600-dən artıq mahnı, doqquz musiqili komediya, 40-a yaxın filmə musiqi bəstələyib. “Dərələr”, “Bakı, sabahın xeyir”, “Uzaq yaşıl ada”, “Dağlar”, “İnsaf da yaxşı şeydir” mahnıları çoxsaylı əsərlərindən bəziləridir.
Tamaşalara yazdığı musiqilərsə o qədər çoxdur ki, sayını heç bəstəkarın özü də bilmirdi. Paytaxt teatrları ilə yanaşı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Naxçıvan teatrlarının tamaşalarına musiqi bəstələyib.
Emin Sabitoğlu 18 noyabr 2000-ci ildə Bakıda vəfat edib.