Fikrət Əmirovun 100 illik yubileyi UNESCO-da qeyd olunacaq.
Bu barədə Ucnoqta.az-a Mədəniyyət Nazirliyindən bildirilib.
Bildirilib ki, 9-24 noyabr tarixlərində Parisdə keçirilən UNESCO-nun 41-ci Baş Konfransı çərçivəsində Fikrət Əmirovun 100 illiyi UNESCO-nun 2022-2023-cü illər üzrə yubileylər proqramına daxil edilib və yubileyin UNESCO səviyyəsində beynəlxalq miqyasda qeyd edilməsi təsdiqlənib.
Noyabrın 3-də Mədəniyyət Nazirliyinin və UNESCO-nun birgə təşkilatçılığı altında Fikrət Əmirovun 100 illik yubileyinə həsr edilmiş musiqi axşamı Parisdə, UNESCO-nun Baş qərargahının konsert zalında baş tutacaq.
Konsertdə Azərbaycan Respublikasının Xalq artisti, dirijor Fəxrəddin Kərimovun rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti Fərhad Bədəlbəyli, Əməkdar artistlər Səbinə Əsədova, Babək Niftəliyev, gənc müğənnilər Selcan Nəsibli, Orxan Cəlilov çıxış edəcəklər.
Konsert proqramına bəstəkarın “Azərbaycan kapriççiosu”, “Gülüstani Bayatı-Şiraz”, “Azərbaycan süitası”, Fikrət Əmirov ilə Elmira Nəzirovanın həmmüəllifliyi ilə bəstələnmiş “Ərəb mövzuları əsasında Fortepiano konserti”, məşhur “Kor ərəbin mahnısı”, “Azərbaycan elləri” vokal inciləri və digər əsərlər daxildir. Yubiley konsertinin rejissoru Əməkdar incəsənət xadimi Ülviyyə Könüldür.
Xatırladaq ki, 2022-ci ildə dahi Azərbaycan bəstəkarı, ictimai xadim Fikrət Əmirovun (1922–1984) anadan olmasının 100 illiyi tamam olur və yubileyə həsr edilmiş bir sıra silsilə tədbirlər keçirilir.