Diplomunda müəllim sözü yazılmayanlar da müəllim işləyə biləcək - VİDEO

00:08 - 23 İyun 2022 - ÖLKƏ İÇİ

Diplom üzrə ixtisası müəllim olmayan, ancaq müəllim kimi işləmək istəyənlərə şad xəbərimiz var. Növbəti ildən etibarən bu insanların arzusu gerçəkləşəcək. Çünki Baş nazir Əli Əsədov "pedaqoji fəaliyyətlə məşğul olma qaydası"nda dəyişikliklər edib. Qərarı şərh edən təhsil üzrə ekspert Kamran Əsədov bildirib ki, dəyişiklik müəllim çatışmazlığının həllinə kömək edəcək. Ancaq yeniliklə bağlı müəyyən tələblər də var.

Diplomunda müəllim sözü yazılmayanların da gələcəkdə müəllim kimi işləmələrinə imkan yaradılacaq. Bu məqsədlə 'Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası"nda dəyişikliklər edilib.
Qərarı şərh edən təhsil üzrə ekspert Kamran Əsədovun sözlərinə görə, indiyə qədər yalnız müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik olan şəxslər ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququna malik idilər. Amma gələn ildən etibarən Təhsil Nazirliyi digər ixtisasları bitirənlərin də müəllim olmalarını təmin edə biləcək.

Kamran Əsədov deyir ki, yeni qərara əsasən, Təhsil Nazirliyi paytaxt və bölgələr üzrə hansı ixtisaslar üzrə müəllimə ehtiyac olduğunu əvvəlcədən elan edəcək. Bununla da müvafiq sahələr üzrə universiteti bitirmiş və diplomunda müəllim sözü yazılmayan şəxslər də müəllimlərin işə qəbulu imtahanında iştirak edə biləcəklər.

Ekspert onu da bildirdi ki, 2021-ci ildə Müəllimlərin İşə Qəbulu imtahanında iştirak etməkdən ötrü 61 min nəfər müəllim olmaq üçün sənəd vermişdi. Ancaq onlardan yalnız 9 mini işlə təmin olunub. 

Xəbər xətti