Azərbaycan Milli Platforması ilə KOBİA əməkdaşlığı müzakirə edildi

20:16 - 25 May 2022 - Cəmiyyət

Mayın 24-də Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platforması üzvlərinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri arasında görüş keçirilib.

Ucnoqta.az xəbər verir ki, görüşdə Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platformasının II İşçi qrupun koordinatoru Samir Əliyev, Platforma üzvləri İlqar Hüseynli, Ruslan Atakişiyev, Xalid Kazmov, KOBİA nümayəndələri Yusif Bağırov və Elvin Abbasov iştirak edib.

Görüşdə çıxış edən Azərbaycan Milli Platformasının İdarə heyətinin üzvü, II İşçi qrupun koordinatoru Samir Əliyev keçirilən görüşün məqsədi barədə məlumat verib.

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunda təmsil olunan Vətəndaş Cəmiyyəti İnstitutlarının fəaliyyəti, Azərbaycan Milli Platformasının gördüyü işlərlə bağlı məlumat verən Samir Əliyev qeyd edib ki, Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı, iqtisadi inkişaf, avrointeqrasiya II İşçi qrupun daimi diqqətdə saxladığı məsələlərdəndir: “Rusiya-Ukrayna müharibəsi bütün regionda olduğu kimi Azərbaycanın biznes subyektlərin də təsirsiz qalmayıb. Dövlətin mövcud durumdan çıxış yolları ilə bağlı nəzərdə tutduğu tədbirlər, vətəndaş cəmiyyəti institutlarının həyata keçirə biləcəyi fəaliyyətlə bağlı müzakirə aparmaq istərdik”.

Azərbaycan Milli Platformasının üzvü İlqar Hüseynli Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunmasına və kənd təsərrüfatı məhsullarının inhisarçıların əlinə düşmədən birbaşa bazara çıxarılması üçün mümkün dəstək mexanizmlərinin yaradılmasına diqqət çəkib.

İ.Hüseynli sahibkarların müvəqqəti olaraq  pambıq əkin sahələrində taxıl əkməsinə təşviq edilməsi tədbirlərinin görülməsinin əhəmiyyətli olacağını qeyd edib.

Platforma üzvü Ruslan Atakişiyev təhsil sektorunun bizness subyektləri üçün kadr hazırlığına diqqətin artırılmasının vacibliyini qeyd edib.

R.Atakişiyev, həmçinin, kiçik və orta sahibkarlıqla məşğul olanların biznesin idarə edilməsi sahəsində bacarıqlarının artırılmasına ehtiyac olduğunu bildirib.

Platforma üzvü Xalid Kazmov KOBİA-nın sahibkarların problemlərinin araşdırılması, bacarıqlarının artırılması istiqamətində görülən tədbirlər zamanı Azərbaycan Milli Platformasının ekspertlərinin potensialından istifadənin əhəmiyyətli olacağını qeyd edib.

Daha sonra çıxış edən KOBİA nümayəndəsi Yusif Bağırov kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dəstək tədbirləri ilə bağlı məlumat verib.

Y.Bağırov ölkəmizin ərzaq təhlükəsizliyinin daim diqqət mərkəzində olduğunu və KOBİA-nın bu amili prioritet götürərək sahibkarlıq subyektərinə hərtərəfli dəstək verildiyini, onların problemlərinin aradan qaldırılması üçün addımlar atıldığını bildirib.

Y.Bağırov Rusiya-Ukrayna müharibəsinin sahibkarlıq subyektərinə və Azərbaycanın idxal-ixrac əməliyyatlarına təsirinə toxunaraq görülən önləyici tədbirlə bağlı məlumat verib.

KOBİA-nın Vətəndaş Cəmiyyəti İnstitutları ilə əməkdaşlıq imkanlarına toxunan Y.Bağırov bununla bağlı təcrübə olsa da, bu tipli görüşün ilk dəfə keçirildiyini və səmərəli olacağına ümid etdiyini bildirib.

Daha sonra Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platforması və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında gələcək əməkdaşlıqla bağlı suallar cavablandırılıb.


Xəbər xətti