Dövlət büdcəsi ilə maliyyələşən televiziya kanallarında yayımlanan dublyaj filmlərində aparılmış monitorinqlərin nəticəsi məlum olub.
Bu barədə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin aparıcı mütəxəssisi Günel Hacıyeva bildirib.
Onun sözlərinə görə, monitorinqlərə AzTV, İTV, İdman TV, özəl kanallardan Space TV, ATV, Xəzər TV, ARB, ARB 24, region kanallarından isə ARB Günəş-də yayımlanan dublyaj filmləri cəlb olunub.
Mərkəzin mütəxəssisi bildirib ki, dublyajların monitorinqi yuxarıda sadalanan televiziya kanallarında yayımlanan bədii film, sənədli film, cizgi filmi va teleseriallarda səsləndirilən dil faktlarının toplanması nəticəsində gerçəkləşib:
"Faktların təhlili zamanı çoxlu orfoepik, leksik, qrammatik norma pozuntularına, eyni zamanda, yanlış ifadələrə, tərcümə zamanı yol verilən üslubi xətalara rast gəlinib. Aparılan monitorinqin nəticəsi olaraq qeyd etmək lazımdır ki, dublyajların səsləndirilməsində ayrı-ayrı səslərin, sözlərin, ifadələrin, qrammatik formaların yanlış tələffüzü, vurğunun yerində işlədilməməsi halları daha çox müşahidə olunur".
"Monitorinqin nəticələrinə əsasən, qeydə alınmış 350 dil faktından 302-si hesabata daxil edilib. Onlardan 72-si orfoepik, 7-si orfoqratik, 70-i leksik, 27-si qrammatik, 126-sı isə üslub və ifadə səhvidir", - o əlavə edib.///report