Aprelin 29-da Medianın İnkişafı Agentliyinin (MEDIA) təşkilatçılığı ilə Azərbaycanın milli rəqəmsal media təhlili platforması - “Metrix.az” layihəsinin təqdimat mərasimi keçirilib.
Ucnoqta.az xəbər verir ki, MEDIA-nın İcraçı direktoru Əhməd İsmayılov müxtəlif istiqamətlərdə həyata keçirilən islahatların davamı olaraq onlayn media subyektləri üçün əlavə reklam fürsətlərinin yaradılmasında media təhlili platformasının əhəmiyyətini vurğulayıb.
Bildirib ki, milli sayğac vasitəsilə veb-saytların reytinqinin müəyyənləşdirilməsi biznes strukturları üçün etibarlı data baza formalaşdıracaq.
Medianın İnkişafı Agentliyinin onlayn media və rəqəmsal marketinq üzrə eksperti Fəxri Eminov media təhlili platforması - “Metrix.az” layihəsinə dair təqdimatla çıxış edib.
Qeyd edək ki, “Metrix” təhlil platforması 50-dən çox yerli informasiya veb-saytı və keçirilən sorğular vasitəsilə ölkədə ən çox oxunan xəbərləri, günün trendlərini və müxtəlif digər statistik məlumatları özündə ehtiva edir.
Tədbir panel müzakirələrlə davam edib.