İkinci Qarabağ müharibəsindəki şanlı qələbəmiz münasibətilə ekranlaşdırılan “Köhnə çamadanlar” bədii filminin premyerası olacaq.
"OYUN" inklüziv teatrının mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, nümayiş aprelin 30-da (saat 18.00) “Nizami” Kino Mərkəzində baş tutacaq.
Müharibə və qadın mövzusunun ana xətt olaraq keçdiyi filmin ssenari müəllifi Sevda Sultanova, quruluşçu rejissoru Saida Haqverdiyeva, görüntü rejissoru Şahmar Səfəroğlu, quruluşçu rəssamı Əfşan Əsədova, bəstəkarı Vüqar Camalzadə, montaj rejissoru Rza Almasi Pərqu, prodüserləri Kəmalə Nəhmətova və Nicat Məmmədov, art direktoru Tahir Tahiroviç, baş prodüseri Pərvinə İsmayılovadır.
Real hadisələr əsasında çəkilən tammetrajlı bədii filmin qəhrəmanları müharibənin həyatlarında dərin ağrılı izlər buraxdığı insanlar, əsas etibarilə qadınlardır.
Tamaşaçı ekran əsərində döyüşçü, şəhid anası, bacısı, yoldaşı, həkim, əsir və qaçqın düşmüş Azərbaycan qadınlarının ümumiləşmiş obrazında müharibə və onun ağrılarının fərqli çalarlardakı təsvirini görə biləcəklər.
Ekran işində Birinci və İkinci Qarabağ müharibəsində baş verən hadisələr kəsişir, hər iki dövrü əhatə edən ayrı-ayrı epizodlar dramaturji və vizual baxımdan bir-birini tamamlayaraq hekayənin vahid strukturunu yaradır.
Hadisələr fonunda müharibə, onun insan psixologiyasında buraxdığı izlərə rəğmən heç bir halda haqqın zəfərinə, qələbəyə inamının itmədiyinin şahidi oluruq. Final səhnələri Azqərbaycan ordusunun qələbəsini əks etdirən sənədli və bədii kadrlarla tamamlanır.
Ekran işində peşəkar aktyorlarla yanaşı, hər iki müharibənin canlı şahidləri - əlil və qaziləri, həmçinin əlilliyi olan həvəskar aktyorlar da rol alırlar.
Psixoloji dramda əsas rolları Xalq artistləri Məmməd Səfa, Pərvanə Qurbanova, Əməkdar artistlər Gülzar Qurbanova, Şəfəq Əliyeva, Nəsibə Eldarova, aktyorlar Qızılgül Quliyeva, Zemfira Əbdülsəmədova, Könül Qasımova, Rəsmiyyə Nurməmmədova, Zülfiyyə Qurbanova, Zümrüd Qasımova, Ülviyyə Əliyeva, Zülfiyyə Nəzər Məmmədova, Rada Nəsibova, Türkay Cəfərli, Rəhim Rəhimov, Elmira Hüseynova, Səriyyə Mansurova, Aygün Fətullayeva, Oksana Rəsulova, Zarina Qurbanova, Cavanşir Məhərrəmov, Namiq Ağayev, Vüqar Hacıyev, Səmimi Fərhad, Aqil M. Quliyev ifa edirlər. Uşaq rollarını isə “Oyuq” teatr-studiyasının yetirmələri oynayırlar.
Film Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, “RS Prodakşn” və "OYUN" inklüziv teatrının birgə layihəsidir.