Müharibə veteranı əməkhaqqı, pensiya və ya müavinət almasından asılı olmayaraq bu təqaüdü də alır
Azərbaycan 44 günlük Vətən Müharibəsi iştirakçılarının problemlərinin həlli və onların sosial hüquqlarının qorunması istiqamətində ciddi addımlar atmaqdadır. Birinci Qarabağ müharibəsi zamanı torpaqlarımızın müdafiəsində iştirak edən şəxslərə “Müharibə veteranı” adı verilməsi sahəsində problemlərin qalması bu gün həmin şəxslərə qarşı daha diqqətli yanaşma tələb edir.
Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adı verilməsi ilə bağlı Prezident İlham Əliyev 29 dekabr 2021-ci il tarixdə Sərəncam imzalayıb. Sərəncama görə, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi kateqoriyalar əsasında 2022-ci il yanvarın 1-dən etibarən “Müharibə veteranı” adının və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi, habelə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanına uyğun olaraq “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün (bundan sonra – Azərbaycan Respublikası Prezidentinin təqaüdü) təyin edilməsi və ödənilməsi təmin edilməlidir.
Sərəncamla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılırdı ki, bir ay müddətində “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Müharibə veteranı” adının və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi nəzərdə tutulan şəxslərin kateqoriyalarının müəyyən edilməsini təmin etsin. Nazirlər Kabineti, həmçinin, normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını təmin etməli idi.
Sərəncamla Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi üzərinə də vəzifələr qoyulub. Həmin qurumlara “Müharibə veteranı” adının və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi nəzərdə tutulan şəxslərin siyahısını 2022-ci il yanvarın 1-dən etibarən müəyyən edib Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, onlara “Müharibə veteranı” adının və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsini, həmçinin bu barədə məlumatların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edilməsi tapşırılıb.
2022-ci il yanvarın 1-dən qüvvəyə minən sərəncama uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Müharibə veteranı” adının və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi nəzərdə tutulan şəxslərə həmin tarixdən etibarən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsini və ödənilməsini təmin edib.
Bu şəxslərə müharibə veteranı adı Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir
Sərəncama uyğun olaraq Nazirlər Kabineti “Müharibə veteranı” adının və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi nəzərdə tutulan şəxslərin siyahısını müəyyənləşdirdi. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olan ərazilərində iştirak edən aşağıdakı qrup şəxslərə “Müharibə veteranı” adı veriləcək:
- hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak edən, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirən, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak edən hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirən hərbi qulluqçusu (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə) olan şəxslər;
- döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunan şəxslər.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda:
- döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş şəxslər;
- hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (yuxarıda qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirən şəxslərə.
Aidiyyəti dövlət orqanları tərəfindən yuxarıda qeyd olunan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin şəxslərin siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.
Müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi verilən şəxslərə dair məlumatlar həmin adı və vəsiqəni verən dövlət orqanları tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edilir.
Təqaüdün təyinatı müharibə veteranının müraciəti olmadan aparılır
Təqaüdün təyinatı müharibə veteranının müraciəti olmadan və heç bir sənəd təqdim etmədən, e-sistem üzərindən proaktiv qaydada həyata keçirilir. Bu barədə, həmçinin təqaüdlə bağlı bank kartını hansı bankdan alacağı haqqında sms vasitəsilə müharibə veteranlarına məlumat verilir. Yekun mərhələ kimi, həmin məlumatlar əsasında nazirlik “Müharibə veteranı” adı verilən şəxslərə Prezidentin aylıq təqaüdü (80 manat) təyin edilir. Hansı ayda təyin edilməsindən asılı olmayaraq, təqaüd 2022-ci ilin 1 yanvar tarixindən hesablanaraq vətəndaşın bank kartına köçürülür.
Müharibə veteranına təqaüd təyin edildiyi anda şəxsin telefon nömrəsinə bu barədə, habelə təqaüd kartını hansı bankdan əldə edəcəyinə dair SMS göndərilir. SMS elektron sistemdə həmin şəxsin adına olan nömrəyə göndərilir. Eyni zamanda, bu barədə Nazirliyin internet səhifəsindəki (sosial.gov.az) “Müharibə veteranı üçün təqaüd” bölməsinə daxil olmaqla da öyrənə bilər. Şəxs həmin bölməyə daxil olur və şəxsiyyət vəsiqəsinin nömrəsini, doğum tarixini qeyd edir. Əgər ona təqaüd təyin edilibsə, avtomatik olaraq ekrana adı, soyadı çıxır və təqaüd kartını hansı bankdan alacağı qeyd edilir.
“Müharibə veteranı” statusu 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövrdə Vətən müharibəsində iştirak etmiş şəxslərə onların qulluq keçdiyi, işlədikləri qurum tərəfindən verilir. Həmin qurumlar Nazirlər Kabineti ilə razılaşdırılmış siyahı əsasında “Müharibə veteranı” adı verdikləri şəxslərə dair məlumatları “Zəfər” altsisteminə daxil edir (bəzi qurumlar bu məlumatları kağız daşıyıcılarda təqdim edir). Yekun mərhələdə isə Nazirlik həmin şəxslərə aylıq təqaüdü təyin edir.
SHXÇDX güc sturukturlarının rəhbərləri ilə məsələni müzakirə edib problem çözməlidir
Hazırda “Müharibə veteranı” adının verilməsi ilə bağlı müəyyən narahatlıq yaşanmaqdadır. Elə müharibə iştirakçıları var ki, tabeliyində olan bütün əsgərlərinə veteran adı verilib, amma özü “Müharibə veteranı” adı almayıb. Bu səbəbdən bəzi şəxslərdə belə fikir yaranıb ki, hazırda I Qarabağ müharibəsində iştirak edən, yaralanan şəxslərin yaşadığı problemləri 44 günlük Vətən Müharibəsi iştirakçıları da yaşaya bilər.
Məsələyə münasibət bildirən hərbi ekspert Üzeyir Cəfərli bu sahədə yaşanan problemləri arzuolunmaz sayır: “Biz hələ I Qarabağ müharibəsində iştirak edən yüzlərlə hərbçimizin haqqını verməmişik. Həmçinin, 2016-cı il aprel döyüşlərinin iştirakçəlarının tam əksəriyyəti “Müharibə veteranı” adı almayıb. Hazırda isə 13 mindən artıq insan gözləyir ki, Nazirlər Kabineti nəhayət ki, bir doğru qərar verəcək. İnsanlar haqq etdikləri “Müharibə veteranı” adını alacaq. İndi isə məsələni fərqli istiqamətə aparırlar. Əksəriyyətə belə bir imtina cavab verirlər ki, sən döyüşlərdə iştirak etməmisən. Amma bu doğru yanaşma deyil. Vətəndaş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi xidmətə çağırılıb. Onun harada xidmət etməsinə isə səlahiyyətli orqanlar qərar verib. Həmin hərbçilərə silah verilib, tapşırıqlar verilib, geyim verilib, məvacib verilib, amma indi deyirlər sən güllə atmamısan “Müharibə veteranı” adı ala bilməzsən. Ümumi qələbəni təmin etmək üçün biri yemək bişirib, biri silah daşıyıb, biri təminatı həyata keçirib, biri tibbi yardım göstərib, biri də döyüşüb. Bu səbəbdən əmr altında xidmət edən hərbi qulluqçunun haqq etdiyi haqqı niyə vermirsiniz? Hesab edirəm ki, tezliklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti güc sturukturlarının rəhbərləri ilə bir araya gəlib məsələni müzakirə edib bu problem çözməlidir”.
Müharibədə xəsarət alıb hərbi xidmətə yararsız kimi təxris edilən, amma əlillik ala bilməyən hərbçilərin problemlərinə toxunan Ü.Cəfərli qeyd edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu məsələyə həssas yanaşma sərgiləməsi vacibdir: “Nazırlik hazırda ölkəmizdə İsveçrə modelinə uyğun əlilliyin təyin edilmə meyarları tətbiq edir. Guya əlilliyi olan şəxslərə ən müasir protezlər verirlər və deyirlər ki, onunla müəyyən işləri görmək olur. Amma kökündən yanlış yanaşmadır. İnsan Vətən yolunda çüzi xəsarət alıbsa da, onun haqqı verilməlidir. Dövlət öz vətəndaşına sahib çıxmalıdır”.
Onu da qeyd edək ki, “Müharibə veteranı” statusuna görə, təqaüd müddətsiz, ömürlük təyin olunur və müharibə veteranının əməkhaqqı, pensiya və ya müavinət almasından asılı olmayaraq, bu təqaüdü də alır.
Amma şəxs müharibə əlili kimi təqaüd alırsa, ona “Müharibə veteranı” statusuna görə təqaüd də verilmir. Çünki müharibə əlillərinə Prezidentin aylıq təqaüdü (I dərəcə üçün 400 manat+ qulluq edən şəxs üçün 80 manat, II dərəcə üçün 350, III dərəcə üçün 300 manat) ödənilir. Qanunvericiliyə əsasən, bir şəxsin həm müharibə əlili, həm müharibə veteranı kimi təqaüd almaq hüququ yarandıqda, hüququ olan iki təqaüd növündən yalnız biri və yüksək məbləğdə olanı verilir.
Pünhan Əfəndiyev
Yazı “Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Şəhid ailələri, qazilər və müharibədən zərər çəkən digər şəxslərə hüquqi dəstək” layihəsi çərçivəsində hazırlanıb.