Bu gün Azərbaycan muğam sənətinin korifeyi, nadir və gözəl səsə malik Seyid Şuşinskinin anadan olmasından 133 il ötür.
Ucnoqta.az xəbər verir ki, Şuşa xanəndəlik məktəbinin ən parlaq nümayəndəsi, Cabbar Qaryağdıoğlunun “Şərq musiqisinin incisi” adlandırdığı Seyid Şuşinski 1889-cu ilin bu günü Füzuli rayonunun Horadiz kəndində anadan olub.
Seyidin peşəkar xanəndə kimi yetişməsində Şuşa mühitinin həlledici rolu olub. Xanəndəlik sənətinin sirlərini Cabbar Qaryağdıoğludan öyrənən Seyid Şuşinski 1907-ci ildə Şuşada M. M. Nəvvabın musiqi məktəbində təhsil alıb.
Seyid Şuşinski ictimai-siyasi mövzuda olan “Ayıl ey millət”, “Mən bir türkəm”, “Millət istərsə” və s. şeir və qəzəlləri ilə xalqı mübarizəyə çağıran ilk xanəndə olub.
Onun oxuduğu “Çahargah”, “Hümayun”, “Rast”, “Mahur”, “Zabul”, “Şahnaz”, “Mirzə Hüseyn seygahı”, muğamları, “Mani”, “Arazbarı”, “Mənsuriyyə” zərbi muğamları musiqi xəzinəmizdə bənzərsiz sənət əsərləri kimi özünəməxsus yer tutur.