Məcburi köçkün şagirdləri üçün maarifləndirmə tədbiri keçirilib

13:50 - 19 Mart 2022 - ÖLKƏ İÇİ

“Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyi məcburi köçkün məktəblərində təhsil alan şagirdlərin peşə təhsili ilə bağlı maarifləndirilməsi ilə bağlı ilk tədbirini keçirib.

“İşğaldan azad olunan rayonların şagirdləri arasında peşə təhsilinin təbliği” layihəsi çərçivəsində keçirilən tədbirə Bərdə rayonunda keçmiş məcburi köçkünlərin yaşadığı qəsəbədə fəaliyyət göstərən məktəblərin şagirdləri cəlb edilib. Tədbirə Ağdam rayonu 12, 95 saylı, Laçın rayonu 24 saylı və Kəlbəcər rayon 92 saylı tam orta məktəblərdə təhsil alan  50 nəfər şagird qatılıb.

Tədbirdə çıxış edən “Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyinin sədri Gülsarə Həsənova bildirib ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunur: “Layihənin əsas məqsədi şagirdləri peşə təhsilinin əhəmiyyəti, respublikamızda daha çox işçiyə ehtiyac olan peşələrlə bağlı məlumatlandırmaqdır. Həmçinin, şagirdləri doğru sənət seçiminə yönləndirmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaqdır. Layihə çərçivəsində Bərdə, Yevlax və Abşeron rayonunda fəaliyyət göstərən işğaldan azad olunan rayonlarımıza tabe məktəblərdə təhsil alan yuxarı sinif şagirdləri üçün  məlumatlandırma sessiyasının keçirilməsi nəzərdə tutulur.

Bu gün cəmiyyətimizdə iki fərqli vəziyyətlə qarşılaşırıq. Bir tərəfdə yüzlərlə insan iş axtarır və dövlət orqanından “işsizlik” statusu alıb. Digər tərəfdə isə yüzlərlə vakant iş yeri mövcuddur. Bu gün istənilən şəxs elektron resurslara daxil olaraq istər hazırda olduğumuz Bərdə rayonunda, istərsə də qeydiyyatda olduğumuz Ağdam, Kəlbəcər, Laçın rayonlarına tabe dövlət və özəl müəssisələrdə boş iş yerilərinin olduğunu görə bilər. Bunun səbəblərini araşdıranda isə aydın bir mənzərə ilə qarşılaşırıq. Zamanında öz bacarığına, arzusuna uyğun peşə seçməyəndə gələcəkdə, özünə uyğun iş yeri tapmaq da çətin olur.

Təbii ki cəmiyyətimizdə alim, müəllim, həkim, polis, prokuror, mühəndis kimi yüksək ixtisaslı kadrlara hər zaman ehtiyac var və olacaq. Amma gəlin görək öz yaşadığımız rayonu elektrik, dülgər, aşpaz, bərbər, çilingər, xarrat, kompüter ustası, telefon ustası olmadan təsəvvür edə bilərikmi? Bu suala əksəriyyətimiz yəqin ki “Yox” cavabı verəcəyik. Sadaladığım bu peşələri isə bizə peşə məktəbləri öyrədəcək.

Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu siyasət, Təhsil Nazirliyinin təşəbbüsü ilə son illər respublikamızda onlarla müasir ixtisaslar öyrədən peşə məktəbləri yenidən qurularaq gənclərimizin istifadəsinə verilib. Biz də arzulamadığımız, özümüzü reallaşdıra bilməyəcəyimiz ixtisaslarda oxuyub, sonradan işsiz qalmaqdansa, əvvəlcədən özümüzə uyğun peşə seçə bilərik”.

Daha sonra tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru, elmlər doktoru, dosent Əfsun Sucayev şagirdlərə Peşə təhsili ilə bağlı məlumat verib.

Şagirdlər doğru sənət seçiminin əhəmiyyəti, respublikamızda peşə təhsili  müəssisələri, dövlətin peşə təhsilinin inkişafı istiqamətində gördüyü tədbirlər və bu sahənin gələcək inkişaf prespektivləri ilə bağlı bilgiləndirilib. Həmçinin, şagirdlərə peşə təhsili müəssisələrinə sənəd qəbulu qaydaları, portal.edu.az saytında qeydiyyat proseduru, elektron qeydiyyatdan keçən zaman tələb olunan sənədlər, ərizəçilərə verilən ixtisas seçimi, peşə təhsili müəssisələrində pulsuz təhsil, peşə təhsili müəssisələrində təhsil haqqına güzəşt imkanları, peşə təhsilinə qəbul olan tələbələrdən tələb olunan sənədlərlə bağlı məlumat verilib.

Sonda tədbir iştirakçılarına layihə çərçivəsində çap olunan “Uğur üçün düzgün peşə seç!” adlı buklet paylanılıb. Həmçinin, bukletin 160 ədədi qeyd olunan ərazidə fəaliyyət göstərən məktəblərin şagirdlərinə paylanılması üçün Ağdam rayonu 12 saylı tam orta məktəbə təhvil verilib.

Qeyd edək ki, layihə çərçivəsində peşə təhsilinə maraq göstərən şagirdlərin sənədlərinin hazırlanması və peşə seçiminə dəstək veriləcək, onlara konsultasiya xidməti göstəriləcək.


Xəbər xətti