Repertuarını daim yeni və maraqlı səhnə nümunələri ilə zənginləşdirən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı ənənəsinə sadiq qalaraq 10 mart - Milli Teatr Gününü də premyera ilə qeyd edib.
Bu barədə Ucnoqta.az-a Teatrın mətbuat xidmətindən bildirilib.
Belə ki, teatr bayramında dünyaca məşhur "Ağca və yeddi Cırtdan" tamaşası teatrsevərlərin ixtiyarına verilib.
Alman Qrimm qardaşlarının toplayıb qələmə aldığı “Ağbəniz və yeddi Cırtdan” xalq nağılının motivləri əsasında ərsəyə gələn tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru Səidə Haqverdiyeva, quruluşçu rəssamı Əfşan Əsədova, bəstəkarı Vüqar Camalzadədir.
Tamaşa əzazil və qısqanc ögey anası tərəfindən ondan daha gözəl olduğuna görə yox edilmək üçün meşəyə göndərilən və burada cırtdanlarla birlikdə yaşamağa başlayan gözəl şahzadənin macəralarından bəhs edir. Quruluşçular tamaşada əsərdən irəli gələn əsas tərbiyəvi məqamları – humanizm, sədaqət, səmimiyyət və dürüstlük kimi müsbət keyfiyyətləri ön planda verməyə çalışıblar. Beləcə məhz bu kimi müsbət keyfiyyətlər sayəsində istənilən pisliyin öhdəsindən gəlməyin mümkünlüyünü fərqli və ibrətamiz detallarla göstəriblər.
Bundan öncə dəfələrlə müxtəlif teatrlarda səhnələşdirilən, bədii və animasiya filmlərinə uyğunlaşdırılan nağıla klassik kukla teatrı estetikasında yanaşan yaradıcı heyət səhnə tərtibatı və musiqi həllində bunu daha qabarıq göstərməyə çalışıblar.
Birhissəli kukla tamaşasında rolları teatrın aparıcı aktyorları - Aygül Ağayeva, Cavid Telman, Səriyyə Mansurova, Elmira Hüseynova, Samirə Nəcəfova, Araz Həsənli və başqaları ifa edirlər.
Anşlaqla baş tutan premyerada balaca teatrsevərlərlə yanaşı ölkənin tanınmış uşaq yazıçı və dramaturqları, tədqiqatçı və tənqidçiləri də iştirak ediblər.
Nümayişin ardınca “Müasir uşaq ədəbiyyatı və onun səhnə yolu” mövzusundakı geniş müzakirə də baş tutub.
Bu sahədə tanınan imzaların qatıldığı müzakirədə uşaq ədəbiyyatı, xüsusən də dramaturgiya sahəsindəki boşluqlara nəzər salınıb, mütəxəssislərin rəy və təklifləri dinlənilib. Qarşıda duran əsas vəzifə kimi uşaqları maraqlandıran, onları maarifləndirməklə yanaşı yüksək mənəvi-əxlaqi dəyərlərə kökləyəcək əsərlərin yazılmasının vacibliyi qeyd olunub. Çıxışlarda məhz bu kimi nümunələrin teatr səhnəsinə yol tapması, yeni, fərqli və maraqlı quruluşlarda uşaqları əyləndirəcək və düşündürəcək nümunələrin ərsəyə gəlməsi üçün yazıçılarla teatr təmsilçilərinin əməkdaşlığı, sistemli yaradıcı mübadiləsi əsas şərt kimi önə sürülüb.
Məhsuldar müzakirənin sonunda Kukla Teatrı tərəfindən irəli sürülən pyes müsabiqəsi təklifi alqışlarla qarşılanıb.