ARB TV-nin “Onun Sirri” verilişinin növbəti qonağı şair Baba Vəziroğlu olub.
Şair onun həbs olunmasını istəyən yazıçıdan danışıb:
“Belə hadisələr indiki cavanların başına gəlməz. Görənlər bilir ki, o zamanlar bu hadisə hər bir vicdanlı yazıçının başına gələ bilərdi. O dövrdə sosialist realizmi prinsipi vardı. Onu pozsaydın, səni fəlakətlər gözləyirdi. Biz partizanlıq eşqinə düşmüşdük. Həyatdan, ədəbiyyatdan, ən çox da mətbuatdan narazıydıq. Gördüyümüz, yaşadığımız həyat tamam başqa, yazılan, deyilən tamam başqa idi. Partizanlıq bizdə oradan yaranmışdı, dedik necə var elə də yazaq.
“Səhər qatarı” adında kitabım çıxdı. Redaktor verdiyim əziyyətləri nəzərə alıb, mənə bunları düzəltmək, bədiiləşdirmək tapşırığı əvəzinə siyasi motivlər axtarıb. “Bu sənə ziyan vura bilər” demək əvəzinə, akademikdən də rəy alaraq Dövlət Təhlükəsizlik Komitəsinə və Mərkəzi Komitəyə göndərib. Təbii ki, Dövlət Təhlükəsizlik Komitəsinin işçilərinin adı yadımda deyil, özlərini təqdim etməyi sevməyiblər. Mərkəzi Komitənin mədəniyyət şöbəsinin müdiri mərhum Vəfa Quluzadə idi. Mənə dedi ki, bunlar heç dünya ədəbiyyatı oxumayıblar? O dövrdə 1 gün səni həbs etsələr, hətta adın qara siyahıya düşsə nəinki sənin həyatın, valideylərinin, çevrənin həyatı dağıldı demək idi. Mən nə o redaktorun, nə də mərhum akademikin adını çəkəcəm. Birinci mərhələ idi, Ədəbiyyat qəzetində Bəxtiyar Vahabzadənin “Baba Vəziroğlunun yaradıcılığı haqqında mənim fikrim” adlı məqaləsini gördüm. Sonradan bildim ki, məni müdafiə etmək üçün edib. Layiq olduğumdan qat-qat artıq təriflər yazıb ki, yəni bu cavanın arxasında mən dayanmışam, hünəriniz var yaxın gəlin”.