Cavanşir Feyziyevin təhqir etdiyi qələm əhlindən ona SİLLƏ KİMİ CAVABLAR

12:50 - 6 Fevral 2022 - MEDİA

Xəbər verdiyimiz kimi, bir neçə gündür media və sosial şəbəkələrdə deputat Cavanşir Feyziyev və ailəsinə məxsus London məhkəməsində müsadirə olunan 5 milyon funt-sterlinq müzakirə olunur. Maraqlıdır ki, C.Feyziyev məsələ ilə bağlı səhəri gün müsahibə verərək məlumatı təsdiqləsə də, dünən sosial şəbəkə hesabından yeni bir açıqlama yayıb.

C.Feyziyev jurnalistlərin adını çəkərək təhqir edib.

Ucnoqta.az xəbər verir ki, Musavat.com C.Feyziyevin adını çəkib, təhqir etdiyi media nümayəndələrinin mövqeyini sizin nəzərinizə çatdırır:

“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu: “Bizə yazdığı bütün epitetləri Cavanşir Feyziyevin özünə qaytarırıq. Şərəfsiz də, alçaq da, agent də, cibgir də Cavanşir Feyziyev özüdür! Utanmaz adam, bütün ölkəni dünyada biabır edib, deputat adını rəzil edib, London məhkəməsi bunun bütün nəslini prosesə cəlb edib, İngiltərə qəzetləri, dünyanın meqa KİV -ləri bunun cinayətlərindən yazır: bu da bizə ağız atır. Hüquqi və informasiya planında, cavabı veriləcək”.

Xural TV-nin rəhbəri Əvəz Zeynallı: “Cavanşir Feyziyev adlı bir təyinatlı deputat genindən gələn əxlaqın və gördüyü tərbiyənin səviyyəsinə uyğun olaraq Azərbaycanın dəyərli jurnalistlərinin gözünə məni də qataraq əl tulalarının saytlarında yazı dərc etdirib. Bu adam Milli Məclisdə təmsil oluna bilməz. Cavabım və cavabımız çox, amma çox sərt olacaq. Dostlar narahat olmasın, onlarla, yüzlərlə mesaj alıram - gözünüz Xural TV-də olsun!”

Reaksiya TV-nin rəhbəri Zaur Qəriboğlu: “Cavanşir Feyziyev adlı məxluqa “oğrunun, casusun, işverənin, şərəfsizin” kim olduğunu göstərəcəyik! Məni Kürdəxanıya göndərmək istəyir, özünün Kürdəxanıda belələri üçün nəzərdə tutulan “xataları”ndan sorağı gələcək! (Bilənlər bildi, kimlər üçün nəzərdə tutulan yeri dedim). Mətbuat Şurasıyla isə ayrıca, danışacağıq, belələrini idarə heyətində saxladığına görə! Sən bitdin, Feyziyev! Sözün əsl mənasında bitdin!”

LAF TV-nin həmtəsisçisi Ləman Ələşrəfqızı: “Başım qarışıq olub bu gün, facebooka indi girirəm. Baxıram ki, deputat Cavanşir Feyziyev mən də daxil bir neçə jurnalisti təhqir edib, xarici kəşfiyyata işləyən, şərəfsiz və s adlandırıb. Niyə, nə üçün? Çünki Britaniya məhkəməsinin çıxardığı qərarı efirimizdən səsləndirmişik, bu pulların ölkədən necə çıxarılmasından danışmışıq, şərh vermişik. Əcəb eləmişik! Zatən jurnalistikanın işi bu! Hansı şərəfdən danışırsız, ay yoldaş deputat??? Şərəfi olan sizin kimi saxta yolla gedib parlamentdə oturmur. Şərəfi olan millətin pulunu oğurlayıb ingilisə yedirtmir! Sən o adamsan ki, bir ayağı amputasiya olunmuş , bir ayağı qanqrena vəziyyətdə olan əlilə kömək etmədin, dedin mən deputat maaşı ilə yaşayıram, amma milyonlarla funt sterlinqi ingilisə yedirdirsən. Bax, bu, ilahi ədalətdir! Bir yetimə, əlilə dərman pulunu qıymayan adama Allah belə rüsvayçı aqibəti yaşadır. Qaldı, xarici kəşfiyyat, agent-filan sayıqlamarına...yeddi arxa dönənini xaricdə bəsləyən sənsən. Agent də, casus da sizdən çıxar. Biz özünüz demiş, çörəyimizi bir smartfondan çıxardan adamlarıq. Amma bu daha şərəfli çörəkdir. Qətiyyən yaddan çıxartmayın”.

“Bizim Yol” qəzetinin rəhbəri Bahəddin Həziyev: “Deputat Cavanşir Feyziyevin hərəkətinə hüquqi və siyasi qiymət verilməlidir. 2019-cu ilin axırında özünü buraxıb 2020-ci ilin əvvəlində yenidən deputat olan Cavanşir Feyziyev mən də daxil olmaqla bir sıra media mənsublarının ünvanına özünə yaraşan, özünə aid olan ifadələr işlədib. O ifadələrin hamısını eynilə Cavanşir Feyziyevin özünə göndərirəm.

Biz media olaraq Cavanşir Feyziyevin ailəsinə məxsus milyonlarla funt sterlinq vəsaitin müsadirə olunması ilə bağlı London məhkəməsinin qərarı haqda da məlumat vermişik. Sonra məhkəmə öz qərarını bir hissədə geri oxuyub, onu da yazmışıq. Heç bir böhtana, təhqirə, qərəzə də yol verməmişik. Buna baxmayaraq, mənim də adımı hallandıraraq, özünə "ziyalı" deyən bir şəxsə, deputata yaraşmayan leksikondan istifadə edib. Bəzi adamlar dilinin arxasında gizlənir. O cümlədən, qələminin. Bu dəfə Feyziyev dilinin, daha doğrusu, klaviaturasının arxasında gizlənməyə çalışsa da, Avstraliya səhralarındakı o böyük, məşhur quşun durumuna düşüb. Dəvəquşu kimi başını quma soxanlar gizləndiyini zənn edərlər, ancaq arxaları bayırda qalar.

Əslində o deputat bizim adımızı çəksə də, özü haqqında yazıb. Qələmindən başqa heç nəyi olmayan jurnalistləri də ağır cinayətlərdə ittiham edib. Təsəvvür edin: Azərbaycan Qarabağın bərpası, ümumiyyətlə, ölkənin inkişafı üçün xaricdən sərmayələr tapıb gətirməyə çalışarkən, dövlətin üst səviyyələrində olanlar, o cümlədən, deputatlar Azərbaycandan qapdıqları milyonları xaricə çıxarır. Burda Azərbaycan xalqının canından qoparıb yığdığı pulları öz ölkəsinə deyil, xaricə yatıran adam çıxıb da ömrünü, sağlamlığını vicdanlı sözə həsr etmiş bizə "sabotajçı", "agent" və sair deyə ittiham irəli sürür və ürəyi də soyumur, təhqir edir. Kimdir agent, kimdir sabotajçı və sair, nəinki Azərbaycan xalqı, bütün Dünya gördü. Təbii ki, onu məhkəməyə verə də bilərik, bizi ağır cinayətlərdə ittiham etdiyini isbatlamasını tələb edə bilərik. Ancaq bu, o deputat üçün böyük şərəf olar; əskiyini tamamlamış olarıq. Vicdanı varsa, saytımızda axtarış aparsın, görsün ki, onun saytımızda, səhifəmizdə nə qədər yazıları, xəbərləri dərc olunub. Heç bir təmənna güdmədən, heç bir qarşılıq gözləmədən. Yəqin yadından çıxıb, bizim elektron poçtumuza yazı göndərib, sonra da ardınca zəng edib xahişdə bulunduğu. Ancaq nə mən, nə mənim iş yoldaşlarım bunun qarşılığında nə ondan bir xahiş etmişik, nə bir təmənna gözləmişik. Cavanşir Feyziyev, bizim qəzetimizdə, saytımızda məqaləniz dərc olunmasını özünüzə şərəf bildiyiniz günləri unutmusunuz. Kimlərəsə nəyinsə qarşılığında nəsə yazdırıb-pozdurmağa bəlkə o qədər alışmısınız ki, hamını o arşınla ölçürsünüz. Sizə, sadəcə olaraq, ayıb olsun! Mənim adım heç bir murdar ağızda ləkələnməz. Bunu da bilin. Şərəfi olan kəs hamını bir-birinə qatıb şərəfli qələm əhlinə böhtan atmaz, özünə aid olan ifadələri başqasının ünvanına sərf etməz. "Bizim Yol" və Bahəddin Həziyev olaraq haqqımı Sizə halal etmirəm. Haqqımızda nə demisinizsə, özünüzə "hədiyyə" edirəm. Və yazdığınız o mənfur statusu silib bütün Azərbaycan mediasından üzr istəməyinizi tələb edirəm. Dövlətin müvafiq səviyyələrdə bu hərəkətinizə reaksiya verməyini də gözləyirəm. Çünki Cavanşir Feyziyev olaraq Siz namuslu qələm adamlarını xarici kəşfiyyata işləyən, agent və sair adlandırırsınız. Bunlar ağır dövləti cinayətlərdə ittiham etməkdir. Bu ittihamları irəli sürən, sona qədər getməli və sübuta yetirməlidir. Kişi sözünü sonuna qədər deyər. Bizimlə bağlı o ittihamlarınızı sübut edə bilməyəcəksinizsə, bunları söyləmək heç bir insanlığa, heç bir mənəvi ölçülərə sığmaz. Biz, əlbəttə ki, dövlətin reaksiyasını gözləməklə yanaşı, öz hüquqlarımızı bütün qanuni vasitələrlə qorumaq haqqını da özümüzdə saxlayırıq.

Bu arada deputat Cavanşir Feyziyevin ölkə mediasının nümayəndələrinə, o sırada mənə ünvanlanmış aşağılıq paylaşımını dərc edən, sonra da silən media orqanına da mən öz etirazımı mədəni şəkildə bildirmişəm. Peşə həmrəyliyi Jurnalistlərin Peşə Etikasının ən aparıcı müddəalarından biridir. Bu, jurnalistikanın şərəfidir. Kiminsə sifarişi və ya göstərişi ilə bilərəkdən və ya bilməyərəkdən öz qələm yoldaşlarını, bütün medianı ən ağır formada təhqir, təhdid və ağır cinayətlərdə ittiham etdirmək heç bir yazılmış və yazılmamış qanuna sığmır.
Bəli, kiminin Cavanşir Feyziyev kimi böyük varidatı olar, kiminin də şərəfi. Hansısa maddi və sair maraqlara görə şərəfli insanları ləkələmək nə deməkdir?! Adını özünüz qoyun.

Sonda mən Azərbaycan Respublikasının rəhbərliyinə, Baş Prokurora, Milli Məclisin sədrinə müraciət edirəm: bir polis işçisinə zor tətbiq edən, təhqir edən Eldəniz Səlimovun hərəkətinə necə operativ və ədalətli hüquqi və siyasi qiymət verilibsə, bütün Azərbaycan mediasını, bütün jurnalistləri ağır formalarda təhqir, təhdid və ittiham etmiş Cavanşir Feyziyev də deputat mandatından məhrum edilməli və barəsində hüquqi ölçü götürülməlidir. Bu hərəkətə dövlətin adekvat qiymət verməsini gözləyirəm”.

TV Müsavatın aparıcısı Sevinc Telmanqızı: “Oğurlanmış səslərlə deputat olan, saxta mandatın gücü ilə özünə səltənət quran Cavanşir Feyziyev hərdən sahibi olduğu apteklərə baş çəkib, özünə dərman alsın. Göz dərmanı alsın, jurnalistləri normal görə, seçə bilmək üçün. Beyin damarlarının çalışması, ümumiyyətlə, beyninin işləməsi üçün də dərmanlardan istifadə etsin. Millətdən oğurladığı, sonra da xaricilərə yedirdiyi pulların acısını bizdən çıxara bilməz. Bütöv bir jurnalist ordusunu qarşısına alıb, öz cinayətini gizlətmək üçün onları təhqir etmək birbaşa cinayətdir. Onun cinayəti məhkəmə sənədlərində üzə çıxıb, jurnalistlər də oxuyub şərh ediblər. Mən bütün jurnalist fəaliyyətimi şərəf, zəhmət və prinsipiallıqla yaşamışam. Feyziyev kimi mandat və dərman oğrusunun mənə dil uzatmasının da cavabını adekvat şəkildə verəcəm, bunu ona bağışlamayacam”.

 

Musavat.com xatırladır ki, C.Feyziyevin statusunda jurnalistlərə aid olan hissə aşağıdakı kimidir: “…Digər bir qismi rahat qazanc və ya Avropada sığınacaq və maddi yardım almaq naminə özlərini xarici kəşfiyyat qurumlarına təslim etmiş və etdikləri cinayətin məsuliyyətindən rahat yaxa qurtarmaq üçün “jurnalist” və ya “siyasi fəal” adları altında müxtəlif beynəlxalq GHT-lərin donuna geyinmiş və onların köməyi ilə toxunulmazlıq statusu əldə etməyə çalışan agentlərdir. Qənimət Zahid, Xədicə İsmayıl, Sevinc Osmanqızı, Həbib Müntəzir, Sevinc Telmanqızı, Ləman Ələşrəf qızı, Osman Gündüz, Rauf Arifoğlu, Bahəddin Həziyev və sairləri də yaxşı yaşamaq üçün vicdanlı əməyi yox, cəsusluq, donosçuluq, sabotajçılıq və böhtançılıq kimi vəzifələri öz üzərlərinə götürüblər.

Digər bir qismi isə gündəlik həyatda hamımızın tez-tez rastlaşdığımız adi dələduzlardır. Bunlar ölkəmizdə İnformasiya texnologiyalarının geniş yayılması və dövlətin onlara verdiyi sərhədsiz azadlığın bəhrəsindən ilk növbədə öz çirkin məqsədləri üçün yararlanırlar. Hərəsi bir smartfonda sayt idarə edən və ya özünə Youtube kanalı açan bu psevdo-jurnalistlər yüksək vəzifəli dövlət məmurları və deputatlarla yanaşı həm də imkanlı iş adamlarını hədəfə alan və müxtəlif şantaj üsulları ilə onlardan pul qoparmağa çalışan reketlərdir. Bu siyahıya tüfeyliliklə məşğul olan, cibgirlik, oğurluq, reketçilik, şər-böhtan və s. üstündə həbsdə yatıb-çıxmış Əvəz Zeynallı, Eynulla Fətullayev, Xədicə İsmayıl, Xalid Kazımlı kimi stajlı dələduzlarla yanaşı bu yolda hələ kövrək addımlarını atan və hələ Kürdəxanı “ziyarətinə” gedib çata bilməmiş Zaur Qəriboğlu, Məhəmməd Ərsoy, Elçin Zahiroğlu, Şahin Əhmədov, Elnur Məhərrəmli kimi çoxsaylı nisbətən gənc dələduzlar da daxildir”.

Xəbər xətti