Türkiyə-Azərbaycan Ortaq Media Platformasının ilk iclası keçirilib- FOTO

19:37 - 23 Oktyabr 2021 - MEDİA

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) mediaforumu çərçivəsində Türkiyə-Azərbaycan Ortaq Media Platformasının ilk iclası keçirilib.

Ucnoqta.az xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altunun rəhbərliyi ilə keçirilən görüşdə iki qardaş ölkənin media və kommunikasiya sahələri üzrə rəsmi şəxslərlərindən ibarət nümayəndə heyətləri iştirak ediblər.

"Bir millət, iki dövlət" şüarı ilə keçirilən iclasda iki qardaş ölkənin kommunikasiya sahəsində əlaqələrinin yaxşılaşdırılması məqsədilə ənənəvi və rəqəmsal media, strateji kommunikasiya, eləcə də ictimai diplomatiya sahələrində əməkdaşlıq və koordinasiyanın gücləndirilməsi, dezinformasiyaya qarşı birgə mübarizə kimi məsələlər müzakirə olunub. Türkiyə-Azərbaycan Ortaq Media Platformasının strukturu ilə bağlı məsələlərin də müzakirə edildiyi tədbirdə “ictimai diplomatiya”, “beynəlxalq media”, “strateji kommunikasiya”, “təhsil”, “qanunvericilik və tənzimləmə”, "rəqəmsallaşma və beynəlmiləlləşmə" komitələrinin yaradılması ilə bağlı qərar qəbul edilib.

İclasda çıxış edən Fahrettin Altun bildirib ki, 2020-ci il dekabrın 10-da prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin iştirakı ilə imzalanan "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu" ilə rəsmiləşdirilən Ortaq Media Platforması iki ölkə arasında son illər daha da inkişaf edən əlaqələrin media və rabitə sahələrində də tətbiqində çox dəyərli bir addım oldu.

F.Altun qeyd edib ki, Qarabağın işğaldan azad edilməsi zamanı kommunikasiya və media sahələrində də sıx əməkdaşlıq əhəmiyyətli rol oynadı. Media, kommunikasiya, xalq diplomatiyası, həmçinin dezinformasiya ilə mübarizə istiqamətləri Türkiyə-Azərbaycan əməkdaşlığında önəmli yer tutur. Ortaq Media Platforması Türkiyə və Azərbaycan mediasının qarşılıqlı əlaqəli şəkildə fəaliyyət göstərməsi, iki ölkə ictimaiyyətinin effektiv şəkildə məlumatlandırılması, qarayaxma kampaniyaları ilə mübarizədə ortaq strategiyaların hazırlanması baxımından böyük bir addımdır.

Azərbaycanın Vətən müharibəsi zamanı iki qardaş ölkə arasında kommunikasiya sahəsində formalaşan əməkdaşlıqdan bəhs edən Hikmət Hacıyev bu əlaqələrin Birgə Media Platforması vasitəsilə rəsmiləşdirildiyini diqqətə çatdırıb. Media və komunikasiya sahələrində nümayiş etdirilən həmrəyliyin qısa zaman ərzində uğurlu nəticələr verdiyini söyləyən Prezidentin köməkçisi deyib: “Bu gün liderlərimizin səyləri nəticəsində ən yüksək səviyyəyə çatan Azərbaycan-Türkiyə münasibətlərini qorumaq, daha da inkişaf etdirmək və gələcək nəsillərin yüz illər sonra da davam etdirməsini təmin etmək bizim tarixi borcumuzdur".

Hikmət Hacıyev sosial və beynəlxalq media platformalarında Azərbaycana qarşı aparılan dezinformasiyaya qarşı mübarizədə Türkiyənin təcrübəsindən istifadə ediləcəyini də vurğulayıb.


Xəbər xətti