İki universitetdə tələbələr koronavirusa yoluxub, 14 qrup bağlanıb

09:38 - 19 Oktyabr 2021 - Cəmiyyət

Sentyabrın 29-dan indiyədək Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 14 qrupunda təhsil alan tələbələr arasında koronavirusa yoluxma faktı qeydə alınıb.

Həmin qruplar 14 gün müddətinə distant təhsilə keçirilib.

ADPU-nun mətbuat katibi Cavid Hüseynov faktı “Report”a təsdiqləyib.

Onun sözlərinə görə, universitetin poliklinikası və şəhər epidemoloji mərkəzin fəaliyyəti ilə son təmas günü müəyyən edilib və həmin qruplar 14 gün müddətinə distant təhsilə keçirilib: “14 gün bitdikdən sonra yoluxmuş tələbə yenidən test verir və neqativ cavab çıxdıqda dərsə qayıdır. Artıq 2 qrupun yoluxmuş tələbələri bu dövrü bitirib və ənənəvi təhsilə geri dönüblər. Tələbələr arasında virusu ağır keçirən yoxdur”.

Tədrisin ənənəvi formada bərpasından sonra Bakı Mühəndislik Universitetində (BMU) təhsil alan tələbələrin 3 nəfərində koronavirus əlamətləri aşkarlanıb. BMU-dan “Report”un sorğusuna cavab olaraq bildirilib ki, həmin tələbələr dərhal nəzarətə götürülüb, müvafiq tibb mərkəzinə müraciət olunub və analizlər götürülüb: “Hər 3 tələbədə yoluxma aşkarlanıb və 14 gün müddətinə onların dərslərdən kənarlaşdırılması qərarı verilib. Hazırda koronavirus aşkarlanan tələbələrin təhsil aldıqları qruplar nəzarətdə saxlanılır və əlavə hər hansı yoluxma qeydə alınmayıb”.

Qeyd edək ki, Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti və Azərbaycan Texniki Universitetində yoluxma səbəbindən bir neçə qrup distant təhsilə keçib.

Xəbər xətti