Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş, media dəstək layihələri departamentinin direktoru Rüstəm Əbülfətoğlu (Əhmədov) Bakupost-a müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
- Vətən müharibəsi dövründə birinci Qarabağ müharibəsindən fərqli olaraq Azərbaycanın rəsmi informasiya siyasəti öz operativliyi və təşəbbüskarlığı ilə diqqəti cəlb etdi. Bu istiqamətdə atılmış addımları necə qiymətləndirirsiniz?
- Əslində, birinci Qarabağ müharibəsi dövrü ilə Vətən müharibəsi dövrünün informasiya siyasətinə yanaşmalar müqayisəolunmaz və çox fərqlidir. Ən azı ona görə ki, 90-cı illərdə yenicə müstəqilliyə can atan ölkədə siyasi hakimiyyətsizlik və səriştəsiz idarəçiliklə yanaşı, zəif ordu, ümumi xaos, anarxiya, vətəndaş qarşıdurması, məhdud sayda media orqanları və ciddi informasiya blokadası mövcud idi. Və bu durum illərdir xaincəsinə torpaqlarımızın işğalına hazırlaşan erməni separatçılarının xeyrinə işləyirdi. 44 günlük Vətən müharibəsində isə əksinə, güclü siyasi hakimiyyətin, ordu-xalq-iqtidar birliyinin, düzgün informasiya siyasətinin, informasiya təhlükəsizliyinin və müasir informasiya-kommunikasiya texnologiyalarını mənimsəmiş yüksək vətənpərvərliyi ilə fəxr olunacaq milli medianın şahidi olduq. Azərbaycan mediası 44 günlük müharibə dövründə mövcud reallıqlar fonunda həqiqətən mümkün olandan da artığını etdi. Cəbhə bölgələrindən gecə-gündüz birbaşa canlı yayımların verilməsi, xalqın və ordunun ruh yüksəkliyini artıran materialların tirajlanması, dezinformasiyalara qarşı mübarizə, sosial şəbəkələr üzərindən ermənilərin hətta ən kiçik təxribatlarına qarşı operativ və sistemli reaksiya, orduya müxtəlif dəstək kampaniyalarının təşkil olunması və s. bu kimi addımlar Azərbaycan mediasının Vətən müharibəsindəki danılmaz şərəfli, tarixi izidir.
- Dünya mediası bir qayda olaraq Azərbaycana ikili standartlar kontekstindən yanaşır və Vətən müharibəsinin gedişində də bunun şahidi olduq. Bunun səbəbləri barədə nə deyə bilərsiniz?
- Bütünlüklə dünya mediasının Azərbaycana qarşı ikili standartlarla yanaşmasını demək doğru olmazdı. Azərbaycanın yürütdüyü müstəqil xarici siyasətlə barışmayan ölkələrin xüsusi təlimatlı media quruluşları bir qayda olaraq hər zaman ikili standartlardan çıxış edir. Bu da aydındır ki, onlar peşəkar jurnalistika prinsiplərinin deyil, ilk növbədə xidmət etdikləri ölkələrin maraqlarının təmin olunmasına çalışırlar. Bu da təbii ki, bir siyasətidir. Dövlətlərin deyə bilmədiyini medianın dili ilə demək standartı artıq çoxdankı təcrübədir.
Sizin qeyd etdiyiniz məsələ Cənab Prezidentin beynəlxalq mediaya verdiyi çoxsaylı müsahibələr zamanı da özünü göstərdi.
- Jurnalistlərin yönləndirici suallar verməsi media etikası ilə nə dərəcədə uzlaşır?
- Bu məsələ media etikası ilə bərabər həm də jurnalistikanın özü ilə bağlıdır. Bilirsiniz, yönləndirici və ya müsahibi haldan salmaq üçün xüsusi yorma üsulu ilə suallarının verilməsi jurnalistikada tətbiq olunan çoxsaylı yanaşmalardan biridir. Və təkrarlanan sual üzrə cavabı istiqamətləndirmək daha asan olduğu üçün, gec-tez istədiyini müsahibdən ala bilirsən. Ən azı onu hövsələdən çıxarmaqla. Amma baxır bu üsullardan kimə qarşı və hansı hallarda istifadə edirsən. Öncə müsahibi son dərəcə diqqətlə öyrənmək lazımdır. O jurnalistlər sadəcə düşünməliydilər ki, qarşılarındakı onlardan qat-qat üstün zəkaya, səbr və təmkinə, yüksək siyasi təcrübəyə malik olan Azərbaycanın Respublikasının dövlət başçısı cənab İlham Əliyevdir. Vətən müharibəsi dövründə cənab Prezidentin jurnalistlərlə işləmə metodu da tarixə yazılacaq bir nümunədir. İlk növbədə ona görə ki, İlham Əliyev bütün müsahibələrə xüsusi hazırlıqlı idi və bu ona müsahib olaraq dərhal daha üstün mövqe qazandırırdı. İkincisi, cənab Əliyevin Ali Baş Komandan olaraq informasiya cəbhəsində mümkün dezinformasiyalara və informasiya terroruna qarşı özünün şəxsən və ən etibarlı mənbə olaraq çıxış etməsi həqiqətən bənzərsiz addım idi. 44 gün ərzində yorulmadan 30 dan artıq xarici media nümayəndəsinə, onların öz ana dilində hərtərəfli ölçülüb-biçilmiş eksklüziv müsahibələr vermək düşünülmüş informasiya savaşının ən vacib tərkib hissəsi idi.
- Dünya mediasından söz düşmüşkən, müharibə zamanı həm də mətbuatımızın xarici ölkələrdəki həmkarlarımızla münasibətinin qurulması məsələsi yenidən gündəmə gəldi. Bu baxımdan bəzi çatışmazlıqların olduğu üzə çıxdı. Düzdür, dünyanın ən nüfuzlu media quruluşları prosesi daim izləyirdi, ölkəmizə səfərlər edirdi, amma bu məsələdə əsas rolu ayrı-ayrı media quruluşların münasibətləri deyil, dövlətin əlaqələri və nüfuzu oynadı... Medianın İnkişafı Agentliyi Azərbaycan mediasının beynəlxalq əlaqələrinin qurulması yönümündə hansı addımlar atmaqdadır?
- Diqqət yetirsək görərik ki, Medianın İnkişafı Agentliyi Vətən müharibəsinin bitməsindən az sonra, 2021- ci ilin yanvar ayıda xüsusi və fərqli statuslu təsisat olaraq yaradıldı. Bu fakt ondan xəbər verir ki, indiki dövrdə belə bir qurumun mövcudluğunu cənab Prezident özü şəxsən məqsədəuyğun və zəruri hesab edib. Çünki istər müharibə dövründə və ya elə indinin özündə sosial şəbəkələrin də daxil olduğu ümumi media məkanında dövlətin informasiya siyasətini həyata keçirəcək, onun beynəlxalq əlaqələrinin formalaşmasına təkan verəcək belə bir quruma ciddi ehtiyac vardı. İnformasiya məkanının təhlükəsizliyinin təmin olunması, media subyektləri və jurnalistlərin peşəkarlığının artırılması, Azərbaycan mediasının beynəlxalq aləmə inteqrasiyası baxımından MEDİA olduqca vacib təsisatdır. Bu ilin əvvəlində Agentlik yaradıldıqdan təqribən 20 gün sonra Azərbaycan-Türkiyə Birgə Media Platformasının yaradılması, qardaş Türkiyə ilə Anlaşma Memorandumunun imzalanması və sənədin hər iki ölkənin parlamentləri tərəfindən təsdiq olunaraq qanuni status alması da bu faktı bir daha təsdiqləyir. Beynəlxalq aləmə çıxış, informasiya və texniki təcrübə mübadiləsi baxımından bu çox strateji addım idi. Eyni zamanda Agentlik istər TÜRKSOY, istər Türdilli Dövlətlərin Əməkdaşlıq Şurası, habelə MDB ölkələri çərçivəsində, istərsə də Avropa Birliyi və ATƏT kimi mötəbər qurumlarla yerli medianın inkişaf etdirilməsinə dair əməkdaşlıq edir. Hazırda isə BMT-nin təhsil üzrə avtonom təsisatı olan UNİTAR-la geniş əlaqələrin yaradılması istiqamətində danışıqlar aparılır. Nəticə əldə olunarsa Azərbaycan mediası beynəlxalq aləmə çıxmaq istiqamətində kifayət qədər ciddi təhsil platformasına sahib olacaq.
Bilirsiniz, beynəlxalq aləmə çıxmaq üçün ilk növbədə beynəlxalq standartlara cavab verən, xüsusi hazırlıqlı, yüksək və hətta diplomatik bilik və bacarıqlara malik jurnalistlər formalaşdırmaq lazımdır. Hansısa materialı tərcümə edib yaymaqla bu iş bitməz. Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdıra bilən, ciddi polemikalarda, diskussiyalarda iştirak etmək qabiliyyətində olan, yüksək intellektə, zəkaya sahib, eyni zamanda xarici dillərdə sərbəst danışa bilən jurnalistlər təqdim etməliyik beynəlxalq media məkanına. Məhz elə bu səbəbdən Agentlik bugünkü məhdud imkanlarına baxmayaraq, böyük əzmlə yerli jurnalistlərimiz üçün beynəlxalq statuslu təlimlər, seminarlar təşkil edir, xarici ölkələrdə təcrübə mübadiləsi proqramları həyata keçirir.
Yeri gəlmişkən, bu gündən MEDİA Agentliyi TİKA, Türkiyənin Nişantaşı Universiteti və Azərbaycan Dövlət Televiziyası ilə birgə 2 aylıq media təlimlərinə start verir. Eyni zamanda 3 gündən sonra, 4-9 oktyabr tarixlərində Böyük Britaniyanın nüfuzlu “Lazarus Training” təşkilatının mütəxəssisləri ilə birlikdə 40 yerli jurnalistimizə hərbi və fövqəladə vəziyyətlərdə təhlükəsizlik və ilkin tibbi yardım üzrə xüsusi təlimlər təşkil edəcəyik. Başqa sözlə, ümid edir və inanıram ki, zamanla Azərbaycan mediası beynəlxalq aləmə inteqrasiya prosesində real və maksimum yüksək nəticə göstərməyə müvəffəq olacaq.