İsmayıllıda şəhidlərin xatirəsinə inşa edilən abidə kompleksinin açılışı olub

19:15 - 28 Sentyabr 2021 - ÖLKƏ İÇİ

İsmayıllı rayonunun Qubaxəlilli kəndində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının xatirəsinə inşa edilən abidə kompleksinin açılışı olub.

Ucnoqta.az xəbər verir ki, açılış mərasimində Rayon İcra Hakimiyyətinin başçısı, RİH-in məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, müəssisə və təşkilatlar, ictimaiyyət nümayəndələri, şəhidlərin yaxınları iştirak ediblər.
Pandemiya qaydalarına uyğun təşkil olunan tədbirdə ilk olaraq dövlət himni səsləndirilib, sonra vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Abidə kompleksinin önünə əklil və  gül dəstələri düzülüb.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı 44 günlük Vətən müharibəsində şanlı qələbə qazanan Azərbaycan Ordusunun şəhidlərin qanını yerdə qoymadığını, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini və qazanılan qələbədə  Qubaxəlillidən olan şəhidlərin də rolunun olduğunu  vurğulayıb. Abidənin inşasında əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

Çıxış edənlər Azərbaycan ordusunun qüdrətindən, hərbiçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun birliyindən bəhs ediblər. Həmçinin qeyd edilib ki, Şanlı Zəfər tarixini yazan Vətən oğulları bütün Azərbaycan xalqının hər zaman qəlbində yaşayacaq.
Çıxış edən şəhid ailələri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Tədbirdə S.Həsənov adına Qubaxəlilli kənd tam orta məktəbin şagirdlərinin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.


Xəbər xətti