"Çalışdım ki, onları sakitləşdirəm" - Qurban Qurbanov

23:13 - 27 Avqust 2025 - İDMAN

“Hamı görürdü ki, gərginlik var idi. Bu, məsuliyyətdən irəli gələn bir şey idi”.

Ucnoqta.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Ferentsvaroş”la matçından sonra "CBC Sport"a açıqlamasında deyib.

“Futbolçularım qəhrəmandırlar. Onları təbrik edirəm. Neçə il idi ki, bunu istəyirdik. Allah bu gün bizə bunu nəsib etdi. İstəyirdik ki, daha yaxşı oyun göstərək. Ümumi nəticə çox sevindiricidir. İnanın ki, bu gün daha gərgin oyun oldu. İlk dəqiqələrdən bu, hiss olundu. 1:3-dən sonra hamı deyirdi ki, qalib olacağıq. Futbol göstərir ki, istənilən nəticə ola bilər” - Qurbanov deyib.
Q.Qurbanov oyundan əvvəl futbolçularına necə motivasiya verdiyini də açıqlayıb: "Çalışdım ki, onları sakitləşdirəm. Lakin özüm də daxil olmaqla futbolçularda, hər kəsdə gərginliyi hiss edirdim. Çünki nə olur-olsun məsuliyyət mənim üzərimdə idi. Çalışdım ki, soyuqqanlı davranım. Amma ola bilər ki, özümü tam ələ ala bilməmişdim".

Qeyd edək ki, “Qarabağ” iki oyunun nəticəsinə görə “Ferentsvaroş”u mübarizədən kənarlaşdıraraq Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.

Xəbər xətti