Bu gün imtahan var

09:00 - 29 İyun 2025 - Xəbər

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) ali və ya orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin mayın 4-də keçirilmiş Azərbaycan dili imtahanında iştirak etməyən və ya iştirak edib “qeyri-məqbul” qiymət alan cari və əvvəlki illərin abituriyentləri, eləcə də buraxılış imtahanı çərçivəsində ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə mayın 4-də imtahanda iştirak etməyən cari ilin məzunları üçün Azərbaycan dili fənni üzrə test imtahanı (ikinci cəhd) keçirəcək.

DİM-dən Ucnoqta.az-a verilən məlumata görə, imtahan Bakı və Naxçıvan şəhərlərində 7 binada təşkil olunacaq və saat 10:00-da başlanacaq. Saat 09:45-də buraxılış rejimi başa çatacaq və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmaycaqlar. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

İştirakçılar imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

- imtahana buraxılış vərəqəsi;

- şəxsiyyəti təsdiq edən sənədin əsli.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- şəxsiyyət vəsiqəsində şəkli olmayanlar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Test imtahanında 30 tapşırıq təqdim olunacaq:

- dinləyib-anlamaya dair 1 mətn və mətnə aid 4 tapşırıq (3 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq);

- dil qaydaları üzrə bilik və bacarıqların yoxlanması üçün 10 qapalı tipli tapşırıq;

- oxuyub-anlamaya dair 2 mətn və hər mətnə aid 8 tapşırıq (7 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq).

İmtahanın müddəti 1 saat 30 dəqiqədir.

İmtahanın idarə olunması üçün 7 ümumi imtahan rəhbəri, 17 imtahan rəhbəri, 128 nəzarətçi ayrılıb, 20 buraxılış rejimi əməkdaşı (mühafizə), 7 bina nümayəndəsi ayrılıb.

Bugünkü imtahanda 6 nəfər sağlamlıq imkanları məhdud şagird (abituriyent) də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.

Bu gün həmçinin Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsini (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, ikinci cəhd) keçirəcək.

Ucnoqta.az xəbər verir ki, imtahanda iştirak etmək üçün 1 286 namizəd qeydiyyatdan keçib.

Onlardan 990 nəfər Azərbaycan, 296 nəfər isə rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 533 nəfəri oğlan, 753 nəfər qızdır. 185 nəfər cari ilin, 535 nəfər əvvəlki illərin məzunudur. 566 nəfər isə növbəti illərdə məzun olacaq. 11 nəfər xarici ölkə vətəndaşıdır.

İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. İmtahan saat 10:00-da başlanır və 2 saat 30 dəqiqə davam edir. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

İmtahanda iştirak edən namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- şəxsiyyəti təsdiq edən sənədin əsli;

- “İmtahana buraxılış vərəqəsi".

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. Binaya mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.

İmtahanın keçirilməsi üçün 6 bina, 14 imtahan rəhbəri, 6 ümumi imtahan rəhbəri, 113 nəzarətçi, 17 buraxılış rejimi əməkdaşı (mühafizə) və 6 bina nümayəndəsi ayrılıb.

Xəbər xətti