Türkiyədə son iki gündə 150 meşə yanğını qeydə alınıb, onlardan 8-i hələ də söndürülməyib.
Ucnoqta.az xəbər verir ki. bu barədə jurnalistlərə kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaqlı məlumat verib.
"Görülən tədbirlərə və xəbərdarlıqlara baxmayaraq, Türkiyənin müxtəlif bölgələrində meşə yanğınları davam edib. Son iki gündə yanğınların sayı 150 olub. Onların 83-ü iyunun 28-də baş verib. Hazırda ölkəmizdə səkkiz aktiv yanğın hadisəsi var, onlardan dördü qismən nəzarətə götürülüb”, - nazir bildirib.
Yanğınlar əsasən respublikanın şimal-qərb bölgəsindəki meşə sahələrində baş verib.
Orada onlarla xüsusi texnika, yanğınsöndürən təyyarə və yüzlərlə yanğınsöndürmə briqadası işləyir. Yanğınlardan biri Antalya vilayətinin Finike rayonunda baş verib. Nəzarət altındadır.
Yumaklı bildirib ki, yanğınlar nəticəsində yalnız bir nəfər xəsarət alıb, üç nəfər isə meşəni yandırmaqda şübhəli bilinərək saxlanılıb.
Nazir onu da bildirdi ki, yanğınların baş verdiyi bəzi ərazilərdə ehtiyat tədbiri olaraq onlarla kənd müvəqqəti olaraq boşaldılıb.