İctimai Birlik alternativ enerji ilə bağlı Siyəzəndə tədbir keçirdi

17:33 - 24 İyun 2025 - Cəmiyyət

“ İctimai İştirakçılığın Dəstəklənməsi ” İctimai Birliyi 20 iyun tarixində “Alternativ enerjiyə keçidin ekoloji, iqtisadi, qlobal istiləşməyə qarşı faydalarının təbliği “ adlı layihəyə çərçivəsində Siyəzən rayonu Gənclər evində birinci təlimini keçirdi.

Təlimdə əsasən yerli sahibkarlar və rayonun ictimai fəal sakinləri iştirak etdi.

Layihənin eksperti Şaban Nəsirov Azərbaycanda bərpa olunan enerjiyə keçidin həm iqtisadi, həm ekoloji, həm də geosiyasi baxımdan böyük əhəmiyyət daşıdığını bildirdi. Enerji şaxələndirilməsi və təhlükəsizlik məsələlərinə toxunaraq bildirdi ki, neft və qaz ixracatçısı olan Azərbaycanın dünyada gedən prosessləri diqqətə alması təqdirəlayiqdir. Buna görə də alternativ enerji mənbələrini aktivləşdirməklə ölkənin daxili enerji sabitliyini təmin etmək olar.

Ekspert ölkənin böyük bərpa olunan enerji potensialına malik olduğunu iştirakçıların diqqətinə çatdıraraq , günəş enerjisi, külək enerjisi, su enerjisi, biokütlə və geotermal kimi alternativlər haqda iştirakçılara geniş məlumat verdi. Həmçinin Yaşıl enerjiyə keçidin yeni iqtisadi imkanlar və iş yerləri yaratdığını söylədi. Bildirdi ki, bölgələrdə texniki mütəxəssislər, mühəndislər, texniki xidmət işçiləri üçün tələbatların artacağı qaçılmaz hala gələcək.

Sonda layihə rəhbəri Teymur Nəsirov tədbirin keçrilməsində Siyəzən rayon İcra Hakimiyyətinə və təşkilati məsələlərdə şəxsən iştirak edən İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Ramil Şirinova təşəkkürünü bildirdi. 


Xəbər xətti