Ookla-nın “Onlayn Azərbaycan” layihəsi ilə bağlı məqalə dərc etməsi Azərbaycanın rəqəmsal transformasiyasının beynəlxalq səviyyədə tanınmasının bariz nümunəsidir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov bildirib. Elvin Abbasov qeyd edir ki, bu, ölkənin internet infrastrukturu sahəsində əldə etdiyi nailiyyətlərin qlobal miqyasda etirafı və rəqəmsal inkişaf modelinin digər ölkələrə nümunə göstərilməsi deməkdir:
"Məqalədə qeyd olunan statistik göstəricilər bir daha sübut edir ki, “Onlayn Azərbaycan” layihəsi ilə 2020-ci ildə cəmi 9% olan fiber əhatə dairəsi 2024-cü ildə 100%-ə yaxınlaşdırılıb, orta sürət isə 10 Mbps-dən 73 Mbps-ə qalxıb. Bu inkişaf təkcə texnoloji deyil, həm də sosial bərabərlik, regionların inkişafı və rəqəmsal savadlılığın artırılması baxımından mühüm dönüş nöqtəsidir. Ookla-nın bu uğuru ön plana çıxarması Azərbaycanın rəqəmsal iqtisadiyyatda liderlik ambisiyalarını beynəlxalq səviyyədə gücləndirir".