2016-cı il noyabrın 16-da Quba rayonunda qətl hadisəsi olur. 1979-cu il təvəllüdlü Ramiz Məmmədov aldığı bıçaq yarasından xəstəxanada dünyasını dəyişir. Daxil olan məlumat əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1961-ci il təvəllüdldü Yusif Babayev saxlanılıb.
Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, aprelin 24-də Yusif Babayev avtomobil oğurlayıb. Belə ki, Quba və Xaçmaz rayonlarını birləşdirən körpünün yaxınlığında taksi sürücüsü Şövkət İbrahimov mülkiyyətində olan "VАЗ-21010" markalı maşından düşüb marketə gedib. Babayev də bundan istifadə edərək, mühərriki işlək vəziyyətdə dayanmış maşının sükanı arxasına əyləşib və onu qanunsuz ələ keçirib.
Bundan başqa, noyabrın 16-da Barlı kəndi ərazisindəki avtobus dayanacağında baş verən mübahisə zamanı Yusif Babayev Ramiz Məmmədovun qarın nahiyəsinə bir dəfə zərbə vurub. Nəticədə zərərçəkən ölüb. Mərhum Y. Babayevin həmkəndlisi və uzaq qohumu olub.
İş üzrə dindirilmiş Yusif Babayev bildirib ki, aprelin 24-ü saat 17 radələrində Samur-Abşeron su kanalının yaxınlığında Şövkət İbrahimovun idarə etdiyi "VAZ" markalı avtomobildən başqa bir nəfərlə düşərək, qapını bağlamadan marketə girdiyini görüb:
"Buna görə maşını ələ keçirib bir qədər rayon ərazisində idarə etdim. Sonra avtomobilin açarını üzərində qoyub evimə getdim.