"Aldığımızın haqqını verməliyik"

22:29 - 26 Yanvar 2025 - İDMAN

“Uduzmaq istəməzdik. Təəssüf ki, bu gün məğlub olduq. Futbolçularım demək olar ki, 90 dəqiqə oyuna nəzarət edə bildilər. Futbolun bəzən belə çirkin tərəfləri var. Bəzən 1 dəqiqənin içində hər şey tam əksinə ola bilər. "Turan Tovuz"u təbrik edirəm”.

Ucnoqta.az sportal.az saytına istinadən xəbər verir ki, bu sözləri “Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam təmsilçisi bu gün Misli Premyer Liqasının 20-ci turunda öz meydanında "Turan Tovuz"a 1:2 hesabı ilə məğlub olub.

Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Son iki oyunda künc zərbəsindən 4 qol buraxmısınız. Bunun üzərində çalışırsınız?

- FKSB ilə oyundakı problemlərdən danışdım. Bugünkünə gəldikdə, mən bilmirəm qapıçı meydançasında cərimə necə olur. 5 nəfər qapıçını əhatəyə alırsa, topa çıxmağa qoymursa, buna reaksiya vermirlərsə, nə deyim? Rəqib oyunçular qapıçını əllə, bədənlə itələyir. Bu, tək indi deyil. Biz həmişə qalib gələn komandanı təbrik edirik. Neçənci oyundur belə olur. Reaksiya verilmirsə, əlbəttə ki, daha artığını edəcəklər. Qapıçı öz meydançasında toxunulmazdırsa, mən bilmirəm bu necə toxunulmazlıqdır. İkinci qolu başa düşürəm, səhv etdik.  Sanki hakimlər belə epizodlara bəsit yanaşırlar. Camaatın burada haqqı var, əziyyət çəkirik. Olmaz axı belə. 12 yaşlı uşaqlara hakimlik etmirsən ki. Düz nədirsə, onu ver. Kornerdə bilmirəm qapıçıya qarşı kobudluq necə olur. Bütün oyunlarda bu hallara rast gəlirik. Bu, məğlub olmağımıza səbəb deyil. Amma necə oyunda bunları görmüşük. İki əllə futbolçumuzu itələyirlər. Əsas buna görə əsəbləşdim. Epizoda bəlkə 10 dəfə baxdım. Faiq Hacıyevin tapşırığı ancaq qapıçı ilə oynamaqdır. Başqa işi yoxdur. Şahruddin topa gedir, Faiq onu itələyir. Bu, cərimə deyilsə, nədir? Top göydə olanda oyun saxlanılmalı idi. Nəisə rəqibi təbrik edirəm. Çox istəkli idilər.

- Hakimlərin qərəzli olduğunu düşünürsüz?

- Yox. Məsuliyyətsiz deyərdim. Cavid Cəlilov qayda-qanunu biləndir. Əvvəlki komitə sədri ilə gəlib qaydaları bizə başa salırdılar. "Qarabağ"dır, "Neftçi"dir, "Turan Tovuz"dur, fərqi yoxdur. Camaat aylardır əziyyət çəkir.

- İcraiyyə Komitəsində bu məsələni qaldıracaqsız?

- Yox. Ehtiyac da yoxdur. Ora bunu qabartmaq yeri deyil. Biz futbolçularımızdan tələb edirik. Məsuliyyət çox vacib şeydir. Aldığımızın haqqını verməliyik. Çünki ailəmizi bu işlə dolandırırıq. Hamı bu cür yanaşmalıdır. Hakim ümumiyyətlə, məsuliyyətli olmalıdır.

- Rəqibin penalti gözlədiyi epizodlar da var idi. Bunları necə şərh edərdiniz?

- Olsaydı, verərdilər.

- Musa meydandan çıxandan sonra Benzia hücumda oynadı. Bundan sonra da onu həmin mövqedə görə bilərik?

- Bütün oyunlarda yox, hansısa oyunda edəcəyik.

- Rəsmi danışıq apardığınız futbolçular var?

- Yox. Heç bir futbolçu ilə danışılmır. Bir-iki futbolçu ilə maraqlandıq, özləri ilə danışdıq. Danışıq elə orada da qaldı. Hansısa təklif göndərilməyib.

Xəbər xətti