Mədə yanması və reflü müasir həyatın gətirdiyi ümumi sağlamlıq problemlərindəndir.
Mədə turşusunun qida borusuna geri sızması zamanı yaranan bu vəziyyət sinədə yanma, ağızda turşluq, boğazda qıcıqlanma kimi əlamətlərlə özünü göstərir.
Ucnoqta.az xəbər verir ki, qastroenteroloq dos. dr. Halil Genç bu pozğunluqların idarə olunması və qarşısının alınması ilə bağlı mühüm məlumatları paylaşıb.
Mədə yanması və reflüyə səbəb olan bir çox faktorun olduğunu bildirən Halil Genç, bu xəstəliklərlə mübarizədə həyat tərzi və qidalanma vərdişlərinin əsas rol oynadığını vurğuladı. O, reflü şikayətlərini azaltmaq və mədə sağlamlığını qorumaq üçün aşağıdakı ehtiyat tədbirlərinin görülməli olduğunu bildirib.
1. Yeməkdən dərhal sonra uzanmayın:
Yeməkdən sonra uzanmağın mədə turşusunun yuxarıya doğru çıxmasına səbəb ola biləcəyini ifadə edən Dos. Dr. Genç, "Yeməkdən sonra ən az iki saat dik vəziyyətdə qalmaq reflü əlamətlərini aradan qaldıra bilər" dedi.
2. Qidaları yavaş-yavaş və yaxşı çeynəyərək istehlak edin: Sürətli yeməyin mədə turşusunu artırdığını ifadə edən Dos. Dr. Genç, "Tikələri yaxşıca çeynəyərək yavaş-yavaş yemək mədə sağlamlığını qorumaq üçün sadə, lakin təsirli bir üsuldur" -əlavə etdi.
3. Kofein və turşu İçkilərdən uzaq durun: Kofeinli və turşulu içkilərin mədə turşusunu artırdığını və reflüyə səbəb olduğunu xatırladan Dos. Dr. Genç, xüsusilə axşam saatlarında bu içkilərin istehlakından qaçınılması lazım olduğunu ifadə etdi.
4. Spirt və siqaret istifadəsini azaldın:
Siqaret və spirtin mədə sağlamlığına mənfi təsir etdiyini vurğulayan Genç, “Siqaret yemək borusunun əzələlərini zəiflədərək reflü artıra bilər. "Bu vərdişlərdən uzaq durmaq reflü şikayətlərini azaltmaq üçün vacibdir".
5. Az və tez-tez yemək yeyin: Böyük porsiyonların mədəyə təzyiq göstərə biləcəyini ifadə edən Dos. Dr. Genç, "Gün ərzində az və tez-tez yemək yemək reflü əlamətlərini idarə edə bilər" dedi.
6. Ədviyyatlı və yağlı qidalardan uzaq durun:
Ədviyyatlı, yağlı və qızardılmış qidaların mədə yanmasını artıra biləcəyini ifadə edən Genç, xüsusilə axşam saatlarında bu cür qidaların məhdudlaşdırılmasını tövsiyə edib.
7. Yüksək yastıqdan istifadə edin:
Yatarkən baş və gövdə hündürlüyünü artırmağın mədə turşusunun yemək borusuna qaçmasının qarşısını almaqda təsirli olduğunu ifadə edən Dos. Dr. Genç, bu üsulun reflü əlamətlərini aradan qaldırmaqda faydalı bir vərdiş olduğunu söylədi.