Dövlət Sərhəd Xidmətinin ehtiyatda olan hərbi qulluqçusu, polkovnik-leytenant Ramil İbrahimov həbs olunub.
Hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev APA-nın sorğusuna cavab olaraq bildirib ki, Hərbi Prokurorluğun İstintaq idarəsində istintaq olunan cinayət işi üzrə muvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Dövlət Sərhəd Xidmətinin ehtiyatda olan hərbi qulluqçusu, polkovnik-leytenant İbrahimov Ramil Şamil oğluna Cinayət Məcəlləsinin 311.3.1-ci və 311.3.2-ci maddələri ilə ittiham elan edilib.
Hərbi Prokurorluğun təqdimatına əsasən, Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd olunub ki, hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək.