İlahiyyatçı Tural İrfan dırnaq qaynağından istifadə edən və ya dırnağı boyalı halda dəstəmaz alan qadınların dəstəmazlarının batil olması barədə fikirlərə münasibət bildirib.
T.İrfan Pravda.az-a açıqlamasında deyib ki, İslam dinində mümkün olmayan şeylərə güzəşt var.
“Hətta elə yer ola bilər ki, qadın hicablı halda dəstəmaz alarkən hicabı açıb başına məsh çəkə bilməz. Belə halda qadın hicabın üstündən məsh çəkə bilər. Dırnaq da bu qəbildəndir. Dırnaq qaynağını qoparıb dəstəmaz aldıqdan sonra yenidən dırnağa birləşdirmək, təbii ki, mümkün olmur. Ümumiyyətlə, dəstəmaza, itaətə, insanın ibadətinə, Allaha bağlılığına maneə yaradan geyim növləri, zinət əşyaları, dırnaq qaynağı, kosmetik kimi vasitələrdən mümkün qədər uzaq olmaq tövsiyə edilib. Bu, sərt göstəriş deyil, sadəcə tövsiyədir ki, ibadət zamanı problemə, şəkk-şübhəyə gətirib çıxarmasın. Belə mövzular nə qədər müzakirələrə səbəb olur. Daha sərt mövqe ortaya qoyan, hətta dırnağa vurulan boyanın dəstəmazı batil etdiyini, həmin qadının dəstəmazlı sayılmadığını deyən alimlər də var. Məsələn, saça rəng qoyulubsa, rəngi necə ləğv edib dəstəmaz almaq olar? Bu mümkündür? Yaxud insanın əli-qolu hansısa yara, zədə səbəbindən sarıqlı ola bilər. Bu zaman sarığın üstündən məsh çəkmək mümkündür. Dırnaq qaynağı da belədir. Təkcə dırnaq yox, saç qaynağı da var. Başa məsh çəkiləndə qaynaqlı saçın heç bir eybi yoxdur. Dəstəmaz alarkən dırnağa su keçməsi, şübhəsiz ki, daha münasibdir, lakin zərurət səbəbindən keçmirsə, heç bir problem yoxdur”.