İslam dinində qadınların ailə qurduqdan sonra ərlərinin soyadını götürməsi qadağandır? - AÇIQLAMA

10:34 - 25 Avqust 2023 - Cəmiyyət

Qadınların ailə qurduqdan sonra ərlərinin soyadına keçməsinin düzgün olub-olmadığı müzakirə olunur. Məsələni dini baxımdan izah edənlər bildirirlər ki, bu, qeyri-müsəlmanların adətlərindəndir, haramdır və şəriətdə yolverilməzdir. Lakin övladlar isə atanın soyadını daşımalıdırlar. Müzakirələr zamanı qeyd olunub ki, soyad insanın hansı nəslə nisbət olunduğunu bildirir və heç kəsin öz atasından başqasına özünü nisbət etməsi icazəli deyil. Bəzi bəylər isə buna etiraz edərək əsrlərdir, oturuşmuş ənənəni hətta namus məsələsinə çevirirlər...

Müzakirələrlə bağlı Pravda.az-a fikirlərini bölüşən Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan İlahiyyat İnstitutunun dosenti Elvüsal Məmmədov deyib ki, İslam dinində qadının öz ərinin soyadını götürə bilməməsi ilə bağlı belə bir qayda yoxdur.

“Əksinə, İslamda uşaqların atalarının adı ilə çağırılması əmr olunur. Yəni burada soyaddan söhbət getmir. “A” adlanan qız “B” adlanan atanın qızıdırsa, onu atasının adı ilə çağırmaq lazımdır. Məsələn, “B”nin qızı “A”. Azərbaycan ərazisində isə söhbət soyaddan gedir. Belə halda, qadın ərinin soyadına keçdiyi zaman əsla öz atasının adına xələl gəlmir. Qız yenə də öz atasının adı ilə çağırılır. İslam dini vaxtilə bu qadağanı ona görə qoyub ki, nəsillər arasında qarışıqlıq, itib-batma olmasın. Bilinsin ki, filankəs filankəsin qızıdır, yaxud oğludur və yaxın insanlar bir-biriləri ilə evlənməsinlər. Bu gün isə qadının ərinin soyadını götürməsi həmin təhlükəni yaratmır. Qız öz nəslinin, atasının genlərini, kimliyini daşıyır, sadəcə, soyad dəyişilir. Bu gün çox dəqiq şəkildə kim kimin övladı olduğunun qeydiyyatı aparılır və qarşıda belə problemlər heç vaxt çıxa bilməz”, - E.Məmmədov bildirib.

Xəbər xətti