Sosial şəbəkələrin verdiyi imkanları zərərli fəaliyyətə sərf edən fürsətçilər

11:34 - 17 Avqust 2023 - Cəmiyyət

Əfsun Sucayev

YAP İdarə Heyətinin üzvü,
elmlər doktoru

Allah sənə rəhmət eləsin, Mirzə Cəlil!
Hələ bir əsr bundan əvvəl naşiri və redaktoru olduğun “Molla Nəsrəddin” jurnalında bu başlıq altında dillər əzbərinə çevrilən bir felyeton yazmısan: “A mollalar, niyə məni döyürsünüz? Olmaya məndən qorxursunuz? Olmaya qorxursunuz ki, əyilib camaatın qulağına bir neçə söz pıçıldayam, bir neçə mətləblərdən agah edəm?...”.
Mirzə Cəlilin qızıldan qiymətli bu sözləri indi necə yerinə düşür. Onun ustalıqla ifadə etdiyi, təkcə yaşadığı dövr üçün deyil, sanki bu günümüz, gələcək üçündür. Deməli, Cəlil Məmmədquluzadə, Mirzə Əlkbər Sabirin yaratdığı personajlar bu gün də yaşayır, sadəcə həmin personajlar o zaman, əgər düz sözdən, həqiqətdən qorxan, çəkinən mollalar idisə, indi də sosial şəbəkələrin istifadəçiləri olan və hər şeyi qara görən bir qrup qaragüruhçulardır. Təəssüf ki, onların sayı az olsa da, amma istifadə etdikləri və mentalitetimizə, milli dəyərlərimizə yad olan jarqon ifadələr, küçə söyüşlərilə gündəmi dəyişmək gücündədirlər və ən əsası kütlənin diqqətini özlərinə cəlb edərək, doğru-yanlış fikir formalaşdırırlar. İnternet əsrinin, konkret olaraq idarəolunmaz sosial şəbəkələrin verdiyi bu imkanlar isə sonda onların kimdən xoşu gəlmirsə və ya kimlər ki özlərinin düşüncəsində deyillərsə, həmin şəxsi və şəxsiyyətləri xalqın gözündən salmaq üçün yetərli olur.
Artıq bir müddətdir ki, xalqımızın barmaqla sayıla biləcək dəyərli sənətkarlarından olan Xalq artisti Rasim Balayevə həmin “klaviatura qəhrəmanları” total hücum edərək, barəsində təhqiramiz ifadələr işlədirlər. “Günahı” da hamının bildiyi, amma dilə gətirmədiyi həqiqəti söyləməsidir.

Xatırlatmaq üçün qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, İlham Əliyev avqustun 7-də Xalq artisti Rasim Balayevə “İstiqlal” ordeni ilə təltif edib. Cənab prezident bu ali ordeni Xalq artisitinə şəxsən özü təqdim edərkən, aralarında səmimi dialoq yaşanıb. Azərbaycan xalqının xalq qəhrəmanımız Babəki, dahi şairimiz Nəsimini Rasim Balayevin böyük məharətlə canlandırdığı obrazlarda sevdiyini dilə gətirən dövlət başçımıza Xalq artisti - əsl Babəkin o, olduğunu, yalnız obrazının özü yaratdığı cavabını verib. Milyonların ürəyindən gələn bu sözlərin Ali Baş Komandan, 44 günlük Böyük Zəfərlə başa çatan Vətən Müharibəsinin yenilməz sərkərdəsinə söyləməsi yuxarıda haqqında qeyd etdiyimiz qaragüruhun xoşuna gəlməyib və xalq sənətkarını guya ki, yaltaqlıq etməkdə günahlandırırlar. İstər-istəməz, sual yaranır: Əcəba, Rasim Balayev səhv, yalan olan nəyi deyib ki, prezidentin xoşuna gəlsin? Məgər, cənab İlham Əliyev son 200 ildə torpaq itirən Azərbaycan üçün yeni tarix yazmayıbmı?
Asanlıqla əlimizin çatdığı Azərbaycan tarixini vərəqləmək üçün tarixçi alim olmağa ehtiyac yoxdur. 19-cu əsrin əvvəllərindən bu yana təqvimdə xalqımızın üzünü güldürəcək, ona hədsiz sevinc bəxş edən hansı qalibiyyət tarixi gün və ya günlərimiz var?

Tarixçilərimizin araşdırmalarında da tez-tez rast gəldiyimiz faktlardır ki, 1828-ci ildə bağlanan Türkmənçay müqaviləsi ilə torpaqları ikiyə bölünən Azərbaycan sonrakı dövrlərdə ancaq torpaq itirib: İrəvanı, Göyçəni, Zəngəzuru verməmişikmi? Nəhayət, 1992-1993-cü illərdə Dağlıq Qarabağ və ona bitişik 7 rayon olmaqla ölkə ərazisinin 20 faizi itirilmədimi? Hələ bu da son olmayacaqdı. Düşmən o qədər qudurmuşdu ki, bizi yeni əraziləri işğal edəcəkləri ilə hədələyirdi. Ermənistanın müdafiə naziri olmuş heyvanabənzər məxluq David Tonoyan dünyanın haqq-ədalət beşiyi sayılan Amerikada jurnalistlərə “yeni müharibə - yeni ərazilər” fikirlərini səsləndirməkdən çəkinmirdi. Saxta erməni həqiqətlərini çəkdiyi əndərəbadi filmlərlə dünyaya yayan və bu yolla dünyanın dörd bir tərəfinə yayılan erməni lobbisindən Qarabağ erməniləri üçün ianələr toplayan erməni rejissor Arşak Zakaryan isə bir addım da irəliyə gedərək “Füzuli, Ağdam bizimdir. Bakı isə növbətidir”. deyirdi.

Onun Dağlıq Qarabağın həmin vaxt işğal olunmuş ərazisində istiqamət göstəricisinin yanında dayanaraq “Bilirsiniz, bunu niyə saxlamışıq. Ona görə ki, siz biləsiniz: əgər bir də bizi “öz torpaqlarımızdan” çıxarmaq istəsəniz Bakıya kimi necə gedəcəyimizi bilirik”, sərsəmləməsini eşitmək necə də kədərli səhnə idi.
İndi gözümüzün qarşısında ermənilərin böyük planını puç edən, onların “Dənizdən-dənizə”, “Böyük Ermənistan” kimi xülyalarını məhv edən, çirkin planlarını, minbir oyunlarını pozan İlham Əliyevə Babək deyilməyəcək, bəs, kimə deyiləcək? Ali Baş Komandanın yaratdığı yeni reallıqlardı, Azərbaycanı hədələyənlərdən biri hazırda dəmir barmaqlıqlar arasına düşüb, digəri də Kəlbəcəri uşaq kimi ağlayaraq tərk edib, bir-birlərini didib-parçalayırlar.

Səmimi olaraq etiraf etsək, bütün bunların nə vaxt ola biləcəyini kimsə təsəvvür edə bilirdimi? Ancaq və ancaq yuxuda xəyalını qura bilərdik. Deməli, yuxumuzu gerçəkliyə qovuşduran sərkərdə nəinki Babəkdən, dünyanın bütün tarixi qəhrəmanlarından üstündür.
Əminəm ki, Rasim Balayev də Böyük Qələbənin ilk günündən belə düşünüb. Ona “İstiqlal” ordeni verilməsəydi belə, o bu həqiqəti deyəcəkdi. Dövlət başçısı da xalq artisti belə düşünür deyə, onu təltif etmir. Bu addımlar dövlətinin əsl sənətkara, sənət adamına diqqət və qayğısının tərənnümüdür. Rasim Balayev də belə böyük sənətkarlardan, daha doğrusu sənətinin fövqündə dayanan şəxsiyyətlərdəndir. Biz onun əvəzsiz rolları ilə Azərbaycan kinosunu sevmişik. Onun Babəkin dilindən səsləndirdiyi “40 il boyunduruq altında yaşmaqdan, bir gün azad yaşamaq üstündür” kəlməsi ilə müstəqil dövlətimizin timsalında nə qədər qiymətli varlığa sahib olduğumuzun fərqinə varmışıq. Ən əsası Babək, Beyrək, Nəsimi obrazları ilə yaratdığı qəhrəmanlıq nümunələrindən riqqətə gələn neçə-neçə qəhrəman oğullarımız, qızlarımız öz qanları-canları hesabına qəhrəmanlıq tariximizi yenidən yazıblar, məkanları cənnət, ruhları şad olsun!!!

Rasim Balayev əvəzolunmaz, misilsiz rolları ilə öz ismini xalqın yaddaşına, milyonların qəlbinə, özü də qızıl hərflərlə onsuz da yazıb. Nə desəniz də, nə etsəniz də, ordan silmək gücündə deyilsiniz, ay sosial şəbəkə fürətçiləri! Onun müsahibələrində səsləndirdikləri fikirləri konteksdən çıxarıb, sosial paylaşmalarla nəyəsə nail ola bilməyəcəksiniz. Ondan fərqli olaraq millətinə, dövlətinə, xalqına zərrə qədər faydalı olmasanızda, heç olmasa davranışlarınızla könül bulandırmayın, qalan tək-tük dəyərlərimizin kövrək qəlblərini sındırmayın.

Rasim Balayev kimi sənət adamını gözdən salmaq istəyənlər, unutmayın ki, şit, təlxək hərəkətləri ilə sənəti məşğul edənləri əksinə sosial şəbəkə qəhrəmanlarına çevirib xalqın, millətin gözünə soxmağa çalışanlar da sizsiniz. Qaldı, xalq-kütlə söhbətinə - mənim düşüncəmdə sənətkarla, sənəti məşğul edənləri bir-birindən ayıra bilməyənlər elə Rasim Balayevin qeyd etdiyi kimi kütlədən o tərəfə deyil.

Xəbər xətti