Paytaxtın “20 Yanvar” metrostansiyası ərazisindən Sumqayıt şəhərinə və rayonlara sərinişindaşıma fəaliyyəti ilə məşğul olan taksi və mikroavtobuslar əksər hallarda nəqliyyatın hərəkətinə müxtəlif maneələr yaradır. Xüsusilə günün axşam saatlarında bu səbəbdən şəhər istiqamətindən “20 Yanvar” istiqamətinə hərəkət edən avtomobillərin hərəkəti olduqca çətinləşir.
Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Referans.az-a açıqlama verib.
“Sumqayıt şəhəri, eləcə də Respublikanın müxtəlif şəhər və rayonlarından paytaxta və əks istiqamətə biletsiz sərnişindaşımaya, avtovağzaldan kənar sərnişin daşımalarına qarşı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ilə birgə mütəmadi olaraq reydlər keçirir. Qeyri-qanuni sərnişin daşımaları hallarının qarşısının alınması məqsədilə reydlər Sumqayıt şəhərində də aparılır, qeyri-müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən avtobuslar şəhər avtovağzalına cəlb olunaraq “Avtovağzal” metrosu istiqamətində hərəkətləri təmin edilir. Vurğulayaq ki, Sumqayıt şəhərindən paytaxt istiqamətinə hərəkət edən qeyri-müntəzəm avtobuslar Bakı şəhərinin girişində ciddi tıxaclara səbəb olur. Bildiririk ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində Nəqliyyat Mübadilə Mərkəzi fəaliyyət göstərir. Həmin mərkəzdən Bakının müxtəlif istiqamətlərinə avtobus marşrutları hərəkət edir. Nəticədə vətəndaşlar rahat və təhlükəsiz şəkildə sərnişindaşıma xidmətindən yararlana bilirlər. BBAK-ın qarşısındakı “Avtovağzal” metro stansiyası da sərnişinlərin ixtiyarındadır. Sərnişinlərdən Bakının yol hərəkətinin təşkili, ictimai nəqliyyatın tənzimlənməsi və yolların buraxılış imkanlarının artırılmasına hesablanan bütün addımları nəzərə alaraq, “20 Yanvar” metro stansiyasına deyil, “Avtovağzal” metro stansiyası və Avtovağzal Nəqliyyat Mübadilə Mərkəzinə üstünlük vermələri xahiş olunur. Eyni zamanda, müşahidələr göstərir ki, regionlara sərnişindaşıma fəaliyyəti həyata keçirən taksi nəqliyyat vasitələri paytaxtın müxtəlif ərazilərində hərəkətə mane olan, sərnişinlər üçün təhlükəli olan yerlərdə fəaliyyət göstərir. Xaotik vəziyyət, xoşagəlməz halların aradan qaldırılması üçün avtovağzal ərazisindəki Nəqliyyat Qovşağında ödənişsiz duracaq yaradılıb. Taksi sürücülərindən və sərnişinlərdən bu imkanlardan yararlanmağa çağırırıq”.