ABŞ prezidenti Donald Trampın ABŞ və Kanada arasında beton divarın çəkilməsinə dair verdiyi göstəriş cəmiyyətdə bəzi məqamlara aydınlıq gətirilməsinə səbəb olub. Milli Məclisin deputatı, hüquqşünas Rafael Cəbrayılovun həmin məsələ ilə verdiyi müsahibəni təqdim edirik.
– Rafael müəllim, ABŞ prezidenti Donald Tramp ABŞ və Kanada arasında divar tikintisinə dair göstəriş verib. Bu barədə nə deyə bilərsiniz?
– Doğrudan da, ABŞ prezidenti Donald Tramp ABŞ və Kanada arasında sərhəd boyunca divar tikilməsinə göstəriş verib ki, həmin tikintinin də gələn ay başlanması nəzərdə tutulur. Kanadanın rəhbərliyi bu tikintiyə görə pul ödəməyəcəyini bildirib. Həmin divarın tikilməsində məqsəd ABŞ və Kanada arasında qanunsuz miqrasiyanın qarşısının alınmasına nail olmaqdır. Bildiyiniz kimi, bu iki dövlət arasındakı sərhəddə qanunsuz miqrant axını baxımından həmişə problem yaşanıb.
– Nəcə düşünürsünüz, bu divar miqrant axınının qarşısını ala biləcəkmi?
– Əlbəttə, yox. Heç bir divar insanın istəyinin qarşısını ala bilməz. Yalnız maneə rolunu oynaya bilər. Çünki insan zəkasının qarşısında divar keçilməz maneə deyil. Əgər belə olsaydı heç vaxt həbsxanadan qaçmaq olmazdı. Bundan başqa, dünyada qloballaşma və inteqrasiya proseslərinin getdiyi, insanları ayıran bədnam divarların söküldüyü, sərhədlərin şərti xarakter daşıdığı bu günümüzdə iki dövlət arasında beton divarın tikilməsi anlaşılan deyil. Əgər problem qanunsuz miqrant axınıdırsa, bu problemlə dövlətin gücündən və müasir texniki vasitələrdən istifadə etməklə səmərəli mübarizə aparmaq mümkündür. ABŞ kimi bir fövqəldövlətin qonşu dövlətdən gələn qanunsuz miqrantların qarşısını ala bilməməsinə inanmaq çətindir. Həmin divar tikilsə də onu Berlin divarının aqibəti gözləyir.
– Rafael müəllim, Qarabağ probleminin həllindən sonra Ermənistanla sərhəddimizdə belə bir beton divarın çəkilməsinə zərurət yarana bilərmi?
– Azərbaycan qonşu dövlətlə sərhəddində beton divar tikəcək qədər səriştəsiz dövlət deyil. Torpaqlarını işğaldan azad etməyi bacaran bir dövlət sərhədlərini də etibarlı şəkildə qoruyacaq. Hətta bu qonşu erməni adlı bir "vəhşi" olsa da…
Elmin
