İndoneziyanın Şərqi Yava əyalətində yerləşən Semeru vulkanı azı dörd dəfə püskürüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin Vulkanologiya və Geoloji Fəlakətlərin Nəticələrinin Azaldılması Mərkəzi məlumat yayıb.
Məlumata görə, vulkanın zirvəsindən 800 metr yüksəkliyə, dəniz səviyyəsindən isə 4 476 metr hündürlüyə qədər kül buludu qalxıb. Püskürmələr güclü ağ və boz kül tullantıları ilə müşayiət olunub. Kül kütləsi cənub və cənub-qərb istiqamətində yayılıb.
Mütəxəssislər sakinlərə və turistlərə közərmiş daşların atılması təhlükəsi səbəbindən vulkanın kraterinə 5 kilometrdən yaxınlaşmamağı tövsiyə ediblər.
Bundan əlavə, yaxınlıqdakı çayların məcrası boyunca lava axını, isti kül buludları və sel təhlükəsi barədə xəbərdarlıq edilib.
Qeyd edək ki, dəniz səviyyəsindən 3 676 metr yüksəklikdə yerləşən Semeru İndoneziyanın dördüncü ən hündür vulkanı və Yava adasının ən yüksək zirvəsidir.
