Gəncədə dönərxanalara toyuq əti hazırlayan qanunsuz sex aşkarlanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
AQTA-nın Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşları Gəncə şəhəri, Əli Məmmədov küçəsi, ev 1 ünvanında vətəndaş Mustafayev Telman Şükür oğluna məxsus fərdi yaşayış evində yoxlama keçirib. Yoxlama zamanı qanunsuz toyuq emalı sexinin fəaliyyət göstərdiyi müəyyən olunub.
Bildirilib ki, obyektdə baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə əməl edilmədən toyuq ətləri sümükdən ayrılaraq dönərxanalara satışa hazırlanıb. Donmuş toyuqların açıq havada əridildiyi, məhsulların baytarlıq ekspertizasından keçirilmədiyi, etiketlənmədən və markalanmadan dönərxanalara paylandığı aşkarlanıb.
Həmçinin ət məhsullarının temperatur rejiminə əməl olunmadan şəxsi nəqliyyat vasitəsi ilə daşındığı müəyyən edilib.
Obyektdən götürülən ət nümunələri laborator müayinəyə göndərilib. Ümumilikdə 840 kiloqram donmuş və 22 kiloqram donu açılmış toyuq əti isə saxlanca qoyulub.
Faktla bağlı inzibati protokol tərtib edilib, icrası məcburi göstərişlər verilib və obyektin fəaliyyəti dayandırılıb.
