Lyon Apellyasiya Məhkəməsi Şuşanın Azərbaycanın şəhəri olduğunu bir daha təsdiqləyərək, erməni lobbisini məyus etdi.
Ucnoqta.az Azərtac-a istinadla xəbər verir ki, Ermənistanın təxribatlarının qarşısını almaq və uzun illərdir işğal altında qalan tarixi torpaqlarımızı azad etmək məqsədilə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun “Dəmir yumruq” əməliyyatı ilə başladığı Vətən müharibəsi təcavüzkar Ermənistanın işğalçılıq siyasətinə son qoymaqla bərabər, dünyadakı erməni mifini darmadağın etdi və ermənilərin kapitulyasiyası, tam məğlubiyyəti ilə başa çatdı. Məğlubiyyəti həzm edə bilməyən fransadakı erməni lobbisinə Lyon Apellyasiya Məhkəməsi daha bir məğlubiyyət yaşadıb.
Lyon Appelyasiya Məhkəməsi 2015-ci ildə erməni lobbisinin təhriki ilə əhalisinin əksəriyyəti erməni mənşəli fransızlar olan Sənt-Etyen, Burq-le-Valans, Desin-Şarpyö şəhərlərinin Azərbaycanın mədəniyyət paytaxtı Şuşa və Xocavənd şəhərləri ilə qanunsuz imzalanmış əməkdaşlıq xartiyasına son qoyub. Artıq bir neçə ildir mübahisəli olan məhkəmə işi başa çatıb. Ermənilər əməkdaşlıq xartiyasının saxlanmasına çalışsalar da, Appelyasiya Məhkəməsi imzalanmış sənədin qeyri-qanuni olduğunu qətiyyətlə bildirib və əməkdaşlıq sənədini ləğv edib. Həmçinin, ermənilər məhkəmə xərclərini də ödəməli olublar.
