Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin daha bir qrupunun – Karapetyan Rafik Robertoviç, Qolayan Qurgen Hovannesoviç, Tadevosyan Hrayr Seryojeviç, Maloyan Vaqarşak Merojanoviç, Yerğiazaryan Sasun Seyranoviç, Vardanyan Arsen Araikoviç, Bahrekyan Vahagen Edikoçiv, Soğomanyan Setrak Samveloviç, Dilanyan Arman Vazgenoviç, Martoyan Manuk Xovanesoviç, Anbardanyan Vels Karapetoviç, Mikaelyan Andranik Vazgenoviç, Qriqoryan Feliks Arşakoviç barəsindəki cinayət işi üzrə məhkəmə prosesi bu gün davam etdirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə veriblər.
Hakim qeyd edib ki, bütün təqsirləndirilən şəxslərin dindirilməsi həyata keçirilib.
Daha sonra prosesdə şahid qismində Azərbaycan Ordusunun iki hərbi qulluqçusu ifadə verib.
Hərbçilər ifadələrində bildiriblər ki, ermənilərin Hadrut istiqamətində özlərinə mövqe tutması ilə bağlı onlara məlumat daxil olub: "Dekabrın 12-də Əlican kəndi yaxınlığında bizə həyəcan siqnalı verildi. Biz həmin istiqamətdə irəlilədik. Bizə dedilər ki, onlar dağdan aşağı enirlər. Onları mühasirəyə aldıq. Təslim oldular, silahlarını təhvil götürdük. Onları bazamıza gətirərək, adiyyatı üzrə təhvil verdik. Ayın 14-də daha iki nəfəri zərərsizləşdirərək təhvil vemişik".
Proses iyulun 12-də davam etdiriləcək.///Apa
