Alimentlə bağlı icra edilməyən məhkəmə qərarlarının əziyyətini uşaqlar çəkir
Bakı şəhəri Xətai rayon Məhkəməsinin 03 iyun 2011-ci il tarixli 2(011)-2466/2011 saylı qətnaməsi ilə Ülvü Mirzəyevlə Elza Səlimova arasında nikah pozulub. Məhkəmə qətnaməsi ilə bu nikahdan doğulan 2006-cı il təvəllüdlü uşağın 18 yaşınadək saxlanılması üçün Ülvü Mirzəyevdən ayda 80 manat aliment tutularaq uşağın anasına ödənilməsinə dair Qətnamə çıxarılıb. Sözügedən qətnamənin qanuni qüvvəyə minməsindən uzun müddət keçməsinə baxmayaraq qətnamə icra edilməyib. Dəfələrlə aidiyyatı qurumlara şikayət ərizələri yazdıqdan sonra ailment müəyyən fasilələrlə ödənilib.

İddiaçı 2017-ci ilin sentyabrında “Alimentin artırılması tələbinə dair” yenidən məhkəməyə müraciət edib. Xətai rayon Məhkəməsinin 9 oktyabr 2017-ci il tarixli 2(011)-9327/2017 saylı qətnaməsi ilə Ülvü Mirzəyevdən 10 noyabr 2017-ci ildən hesablanmaqla övladı yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 137 manat sabit pul məbləğində alimentin E.Səlimovanın xeyrinə tutulmasını qət edilib. Amma bu qətnamə də icra edilməyib. Həmçinin, borclu icra məmurunun çağırışlarına gəlməyib və qətnamənin icrasından qərəzli şəkildə boyun qaçırıb. İddiaçının dəfələrlə şikayətindən sonra Xətai Rayon İcra şöbəsinin İcra məmuru borclu Ülvü Mirzəyev haqqında axtarış elan edib. Xətai Rayon Məhkəməsinin 4 dekabr 2019-cu il tarixli qərarı ilə borclu Ülvü Mirzəyev barəsində 10 gün müddətində inzibati həbs qərarı verilib. Amma bundan sonra da aliment ödənilməyib. 2017-ci ilin oktyabrından 31 may 2021-ci ilədək Ülvü Mirzəyevin 6028 manat aliment borcu yaranıb.
Hazırda respublikamızda icra edilməyən məhkəmə qərarlarının sayı minlərlədir. Onlardan böyük bir hissəsini isə alimentin ödənilməməsi ilə bağlı qərarlar təşkil edir.
Pandemiya dövründə də boşanmaların sayı artıb
Dövlət Statistika Komitəsindən aldığımız məlumata görə, respublikamızda əhalinin sayı artsa da, qurulan ailələrin sayı azalır. Həmçinin, boşanmaların sayı ildən-ilə artır. Belə ki, 2015-ci ildə 68 773, 2016-cı ildə 66 771, 2017-ci ildə 62 923, 2018-ci ildə 62 484, 2019-cu ildə 32 984, 2020-ci ildə isə 35 343 nikah qeydə alınıb.
Müvafiq olaraq 2015-ci ildə 12 764, 2016-cı ildə 13 114, 2017-ci ildə 14 514, 2018-ci ildə 14 857, 2019-cu ildə 11 210, 2020-ci ildə isə 14 628 boşanma qeydə alınıb.
Cari ilin yanvar-fevralında isə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 5 672 nikah və 2 417 boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 3,5, boşanmaların sayı isə 1,5 olub.
Rəsmi rəqəmlərdən də göründüyü kimi ölkə əhalisinin sayının artmasına rəğmən bağlanan nikahların sayı hər il əvvəlki ilə nisbətən azalsa da, boşanmaların sayı ildən-ilə artıb. Boşanmalardan ən çox əziyyət çəkənlər isə uşaqlar və qadınlar olur. Çünki boşanmalardan sonra əsas problem ödənilməli olan alimentlə bağlı yaşanır. Halbuki aliment uşağın normal böyüməsi üçün vacibdir. Əgər ata (yaxud ana) alimenti ödəmirsə, bunun cəzasını uşaq çəkməməlidir.
Bir ildə aliment borcunu ödəməkdən qəsdən yayınan 2 011 nəfər həbs edilib
Hazırda alimentlə bağlı məhkəmə qərarını icra etməyənlər barədə ən sərt qərar onların həbs edilməsidir.
Ədliyyə Nazirliyindən verilən məlumata görə, 2019-cu il ərzində yerli icra qurumlarının icraatında alimentin tutulması ilə bağlı 92 350 icra sənədi olub. Bu dövrdə aliment borcunu qərəzli olaraq ödəmədiyi üçün 2 011 şəxs inzibati qaydada həbs edilib.

2019-cu il ərzində aliment borcu ilə əlaqədar yeri məlum olmayan 3 509 şəxs axtarışda olub. 2019-cu ilin sonuna isə icraatda 80 673 aliment işi qalıb.
Məhkəmə qərarlarının icra vəziyyəti İcra Baş İdarəsi tərəfindən mütəmadi olaraq təhlil edilir. Bu sahədə səmərəliliyin artırılması, alternativ mexanizmlərin, o cümlədən özəl icranın tətbiqi ilə bağlı tədbirlər davam etdirilməklə, bu sahədə xarici təcrübənin öyrənilməsi üçün beynəlxalq təşkilatlarla səmərəli əlaqələr qurulub.
2020-ci ilin yekunlarına əsasən ötən il ərzində yerli qurumların icraatına 910 000-dən çox icra sənədi daxil olub ki, onlardan 409 000 icra sənədinin icrası təmin edilib. Fiziki və hüquqi şəxslərə. Habelə vergi borcları üzrə dövlət büdcəsinə 700 milyon manat pul vəsaiti ödənilib.
Borclularda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin aşkar olunmaması, yaşadıqları və olduqları yerin müəyyən edilməməsi səbəbindən barələrində aidiyyati polis orqanlarında müvafiq axtarış işlərinin açılması, həmçinin icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək müxtəlif formalarda icradan yayınmaları həmin qərarların icrasında çətinlik yaradan səbəblərdir”.
“2020-ci ildə aliment öhdəliklərinə dair icraatda olan işlərin təxminən 70 faizində aliment müntəzəm şəkildə ödənilib, 15 faizi üzrə isə aliment ödəmələri 3-5 aylıq gecikmələrlə realizə olunub. Borcluların bir qisminin ölkə hüdudlarından kənarda olması ilə əlaqədar uzun müddət axtarışda olmaları səbəbindən onların işləri üzrə aliment öhdəliklərini təmin etmək mümkün olmayıb. Respublikanın digər şəhər və rayonları ilə müqayisədə əhalinin sıx məskunlaşdığı Bakı, Gəncə, Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda aliment öhdəliklərinə dair icra sənədlərinin sayı daha çoxdur”,- deyə Ədliyyə Nazirliyinin İcra Baş İdarəsindən bildirilib.
Avropada aliment probleminin həlli yolu tapılıb
Ekspertlər isə hesab edir ki, aliment ödəməyənlərin həbsi ilə də problemi çözmək mümkün deyil. Təbii ki məhkəmə qərarını icra etməyənlər cəzasını çəkməlidir. Amma müxtəlif vasitələrlə bu boşluğu doldurmaq lazımdır. Problemin həllinin təkcə valideynlərin üzərinə qoyulması doğru deyil. Çünki mərhumiyyətlər içərisində böyüyən uşaqların cəmiyyət üçün faydalı olmasını təmin etmək mümkünsüzdür. Valideynin məsuliyyətsizliyinin bədəlini övlad ödəməməlidir.
Artıq bir sıra ölkələrdə alimentlə bağlı qərarların icra yolları tapılıb. Rusiyada xüsusi informasiya bazası yaradılıb ki, aliment ödəyicilərinin adları ora daxil edilib. Bu informasiya polisdə, yol polisində, sərhəd-keçid məntəqələrində də var. Alimentlə bağlı məhkəmə qərarını icra etməyənlərə ölkədən çıxmaq da qadağandır.
Qonşu Türkiyədə də aliment ödəməyənlərə qarşı sərt qaydalar mövcuddur. Alimentlə bağlı məhkəmə qərarını icra etməyənlər barəsində həbs cəzası nəzərdə tutulub. Şəxs 10 gün müddətində aliment ödənmirsə, borclunun əmlakı müsadirə oluna bilər.
Fransa, İngiltərə, Avstriya, Daniya, Norvec, Finlyandiya və Ukrayna kimi ölkələrdə alimentin ödənilməsi dövlət vəsaiti hesabına həyata keçirilir. Həmin ölkələrdə bu institut özünü doğruldub və əsas prinsip pul vəsaitinin ödənilməsidir. Bunun sayəsində himayəsində uşaq olan valideyn məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin borclu tərəfdən ödənilməsini gözləməyərəkdən dövlət vəsaiti hesabına ala bilər. Bundan sonra məhkəmə icraçıları alimenti ödəməkdən yayınan valideyndən dövlətin ödədiyi miqdarda aliment məbləğini alır və bununla ödənilmiş vəsait yenidən dövlətin hesabına qayıdır. Bu mexanizm tətbiq edilən ölkələrdə 90 faiz büdcə vəsaiti geri qayıdır.
Azərbaycanda Aliment Fondunun yaradılması müzakirədən irəli getmir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən də hesab edirlər ki, əgər bu mexanizm Azərbaycanda da tətbiq olunarsa, hüquqları pozulmuş uşaqların müdafiəsi üçün çəkilən maliyyə yükü də azalar: “Nikahın pozulması zamanı fərdlərin qərarına təsir edən əsaslı ünsürlərin başında aliment ödəmək məsuliyyəti gəlir. Boşanma mərhələsində olan valideynlər uşaqları üçün aliment ödəməli olduqlarını anlasa da, bir çox halda qərarın icrasına əməl etmir. Dünya praktikasına nəzər salaq, bəzi ölkələrdə valideyn haqlı səbəblərdən alimenti ödəyə bilmədikdə dövlət o öhdəliyi öz üzərinə götürür. Lakin borclu tərəf dövlətə borclu qalır və sonradan o borclar ödənilməlidir. Bir çox ölkələrdə Aliment Fondu yaradılıb. Müəyyən ölkələrdə aliment dövlət tərəfindən müavinət formasında ödənilir. Dövlət Komitəsi 15 illik fəaliyyəti ərzində Milli Məclisə aliment məsələsi ilə bağlı bir sıra təkliflər irəli sürüb.

Belə bir nəticəyə gəlmək olar ki, bütün hallarda valideynlər addım atarkən ilk növbədə, övladlarını düşünməlidirlər.Çünki qanuna əməl etməməyin də, qanundakı boşluqlardan yararlanıb məsuliyyətdən qaçmağın da əsas qurbanı məsum uşaqlardır”.
Ədliyyə Nazirliyindən bildirilir ki, Aliment Fondu ilə bağlı xarici ölkələrdə olan mövcud təcrübə Ədliyyə Nazirliyi və ona aidiyyəti struktur qurumları tərəfindən mütəmadi olaraq izlənilməklə öyrənilir.
Qeyd edək ki, respublikamızda Aliment Fondunun yaradılması məsələsi bir neçə dəfə Ombudsmanın illik məruzələrinə də daxil edilib. Sonradan məsələ Milli Məclis sıviyyəsində də müzakirə olunsa da, bugünədək Aliment Fondunun yaradılması öz müsbət həllini tapmayıb.
“Uşağın günahı deyil ki, valideyni aliment ödəmir”
“Aliment Fondunun yaradılması üçün ilkin olaraq 10-12 milyon manat lazımdır. Uşağın günahı deyil ki, valideyni aliment ödəmir. Dövlət Aliment Fondu vasitəsilə həmin uşaqlar üçün vəsait ödəyə, sonra aliment ödəməyən valideynlərdən həmin pulları ala bilər. Aliment uşağın normal böyüməsi üçün vacibdir. Buna görə də alimenti ödəməyənlərin həbsi ilə məsələ çözülmür. Təbii ki məhkəmə qərarını icra etməyənlər cəzasını çəkməlidir. Amma müxtəlif vasitələrlə bu boşluğu doldurmaq lazımdır”,- Millət vəkili Fazil Mustafa qeyd edir.
“Konstitusiya” Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev isə hesab edir ki, aliment ödəməyən valideynin həbsi uşaq üçün verilməsi gərəkən alimentin ödənilməsi problemini həll etmir: "Bəzi ölkələrdə Aliment fondları var. Hansı ki, onların bəzisində fond aliment üçün gərəkli vəsaiti ödəsə də, daha sonra bu borcu alimenti ödəməli olan valideyndən geri alır. Ancaq bu fondun yaradılması o halda mümkündür ki, bunun üçün yetərincə büdcə vəsaiti mövcuddur. Aliment Fondunun yaradılmasının həm müsbət, həm də mənfi nəticələri ola bilər. Bir risk də var ki, belə bir fond yaranarsa, valideynlər aliment ödəməkdən daha çox yayınmağa çalışacaqlar".

Məhkəmə qərarlarının icrası insanların məhkəmələrə inamını artırır. Buna görə də beynəlxalq təcrübə öyrənilib alimentlə bağlı məhkəmə qərarlarının icrasına mane olan səbəblərin aradan qaldırılması istiqamətində ciddi addımlar atılmalıdır. Vətəndaş işləmirsə, əmlakı və gəliri yoxdursa, məhkəmə qərarını icra etməsi mümkünsüzdür. Belə hallarda bu məsələlərin daha təkmil prosedur qaydası qanunvericiliklə həllini tapmalıdır.
Pünhan Əfəndiyev
