Azərbaycanın hər yerində şəhidlərimizin xatirəsi əbədiləşdirilir. Belə ki, onların adına həsr olunmuş anım tədbirləri və müxtəlif aksiyalar keçirilir.
Ucnoqta.az xəbər verir ki, belə tədbirlərdən biri də ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş Məmmədov İlkin Fırhad oğlunun Biləsuvar rayonunda doğulub boya-başa çatdığı küçədə keçirilib. Millət vəkili Bəhruz Məhərrəmov və Biləsuvar rayon YAP könüllülərinin iştirakı ilə şəhidin doğulduğu küçədə ağacəkmə aksiyası keçirilib. Hasarın küçə hissəsi və şəhid ailəsinin evinə gedən yolda ağaclar əkilib.
İlkinin xatirəsinin bu cür əbədiləşdirilməsini şəhidin valideynləri razılıqla qarşılayıb.
Qeyd edək ki, İlkin Məmmədov 27 mart 2002-ci ildə Biləsuvar rayonunda anadan olmuşdur.
İlkin Məmmədov orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur.
Şəhid İlkin Məmmədov 6 noyabr 2020-ci il tarixində Biləsuvar şəhər məzarıstanlığında dəfn olunmuşdur.
