Dövlət siyasi partiyaların hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına təminat verir

17:01 - 20 Aprel 2020 - KİVDF

Əli Hüseynli: “Yeni siyasi partiyaların qeydiyyata alınması ölkəmizdə siyasi sistemin daha da təkmilləşməsinə və münasibətlərin daha sağlam zəmində qurulmasına xidmət edəcək”

Nüşabə Məmmədova: “Yeni siyasi partiyaların dövlət  qeydiyyatına alınması ölkədə siyasi plüralizm və yeni siyasi konfiqurasiyasının inkişafına təkan verəcəkdir”


Azərbaycanda daha iki siyasi partiya dövlət qeydiyyatından keçib. Ədliyyə Nazirliyi Yeni Zaman Partiyasını dövlət qeydiyyatına alıb. Qeydiyyata alınma barədə sənəd partiyanın sədri Musa Ağayevə təqdim edilib.

Bununla, Azərbaycanda dövlət qeydiyyatına alınmış siyasi partiyaların sayı 56 olub. Qeyd edək ki, Yeni Zaman Partiyası 2007-ci ildə təsis olunub. Qeydiyyata alınan ikinci partiya isə Azad Demokratlar Partiyasıdır.
Hər iki siyasi partiyanın sədri ilə Ədliyyə Nazirliyində görüş keçirilib. Ədliyyə Nazirliyindən verilən məlumata görə, Azad Demokratlar Partiyasının və Yeni Zaman Partiyasının qeydiyyatı ilə bağlı müraciətlərinə əsasən təqdim olunmuş təsis sənədlərinin qanunvericiliyə uyğunluğu məsələsi öyrənilib və onların dövlət qeydiyyatına alınması barədə qərar qəbul edilib. Bununla bağlı, aprel ayının 16-da Ədliyyə Nazirliyinin rəhbərliyi ilə qeydiyyata alınmış partiyaların sədrləri Sülhəddin Əkbər və Musa Ağayev arasında görüş keçirilib və onlara dövlət qeydiyyatı haqqında şəhadətnamələr təqdim edilib. Partiya rəhbərləri ölkə başçısının iradəsi ilə çoxpartiyalı sistemin inkişafı sahəsində başlanmış prosesi dəstəklədiklərini vurğulayaraq, görülən işlərlə bağlı razılıqlarını ifadə edib və bu istiqamətdə atılan addımların dövlətçiliyimizin möhkəmləndirilməsinə xidmət edəcəyinə əminliklərini bildiriblər.

Qeyd edək ki, siyasi partiyaların qeydiyyata alınması “Siyasi partiyalar haqqında” qanunun 14-cü maddəsi ilə tənzimlənir. Bu maddədəyə əsasən, siyasi partiya “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınır. Dövlət qeydiyyatına alınmayan siyasi partiya dövlət qeydiyyatına alınmış siyasi partiya kimi çıxış edə və ya fəaliyyət göstərə bilməz.

Aydındır ki, siyasi partiyaların qeydiyyata alınması ölkəmizdə mövcud olan yeni siyasi münasibətlərin təzahürüdür. Milli Məclisin Hüquq komitəsinin sədri Əli Heseynli bildirib ki,  Ədliyyə Nazirliyinin kollegiyasının qərarı ilə Azad Demokratlar Partiyasının və Yeni Zaman Partiyasının qeydiyyata alınmasını çox müsbət haldır.  Komitə sədri qeyd edib ki, bu partiyalar uzun illər mövcud olsa da, qeydiyyatsız fəaliyyət göstərirdilər: "Hazırda isə siyasi partiyaların qeydiyyata alınması ölkəmizdə mövcud olan yeni siyasi münasibətlərin təzahürüdür. Ölkəmizdə cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən islahatlar siyasi sistemi də əhatə edir. Hazırda fərqli siyasi baxışlarına baxmayaraq, milli dövlətçilik mənafeyindən, dövlət maraqlarından çıxış edən siyasi qüvvələrlə dialoq daha da dərinləşməkdədir".

O xatırladıb ki, altıncı çağırış Milli Məclisdə ilk dəfə olaraq, müxalifət partiyasını təmsil edən deputat Milli Məclisin sədr müavini seçilib: "Həmçinin komitələrin sədr və sədr müavinləri sırasında müxalifət partiyalarının təmsilçiləri də yer almışdır. Bütün bunlar həm də Azərbaycanda çoxpartiyalı sistemin təkmilləşdirilməsinə, siyasi sistemin yeni konfiqurasiyasının formalaşmasına xidmət edir. Yeni siyasi partiyaların qeydiyyata alınması isə ölkəmizdə siyasi sistemin daha da təkmilləşməsinə və münasibətlərin daha sağlam zəmində qurulmasına xidmət edəcək".

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun vitse-prezidenti, Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova isə bildirib ki,  yeni siyasi partiyaların dövlət  qeydiyyatına alınması ölkədə siyasi plüralizm və yeni siyasi konfiqurasiyasının inkişafına təkan verəcəkdir. Bütün bunlar Azərbaycanda çoxpartiyalı sistemin təkmilləşdirilməsinə, siyasi sistemin yeni konfiqurasiyasının formalaşmasına xidmət edir. N. Məmmədovanın sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ictimai-siyasi həyatının demokratikləşməsinə və modernləşdirilməsinə yönəldilmiş islahatların mühüm cəhətlərindən biri də yeni siyasi konfiqurasiyanın formalaşması, demokratik cəmiyyət quruculuğunun daha da inkişaf etdirilməsi məqsədilə partiyalararası münasibətlərin tənzimlənməsi, iqtidar-müxalifət münasibətlərində siyasi dialoqun formalaşmasına nail olmaq istiqamətində praqmatik addımların atılmasıdır. “Cənab Prezidentimizin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə həyata keçirilən islahatlar siyasi sistemi də əhatə edir. Hazırda siyasi baxışlarından asılı olmayaraq, milli dövlətçilik mənafeyindən, dövlətimizin maraqlarından çıxış edən siyasi qüvvələrlə dialoqlar daha da dərinləşməkdədir. Müxalifət partiyalarının qanunvericilik hakimiyyətinin rəhbər orqanlarında təmsil olunmaları ölkədə yeni ictimai-siyasi durumun, iqtidar-müxalifət münasibətlərinin ən yeni formada qurulmasının təzahürüdür. Bütün bunlar Azərbaycanda çoxpartiyalı sistemin təkmilləşdirilməsinə, siyasi sistemin yeni konfiqurasiyasının formalaşmasına xidmət edir. Ölkədə demokratik cəmiyyətin inkişafı istiqamətində aparılan islahatlar nəticəsində milli maraqlarımızın qorunması və milli məsələlərin həllində bütün siyasi partiyaların vahid qüvvə olaraq çıxış etməsi üçün ən yüksək münbit şərait yaradılmasıdır”.

N. Məmmədova hesab edir ki, yeni siyasi partiyaların - Azad Demokratlar Partiyasının və Yeni Zaman Partiyasının  dövlət  qeydiyyatına alınması ölkəmizdə siyasi sistemin daha da təkmilləşməsinə və münasibətlərin daha sağlam ideyalar üzərində qurulmasına, həmçinin ölkədə siyasi plüralizm və yeni siyasi konfiqurasiyasının inkişafına təkan verəcəkdir.

Qeyd edək ki, siyasi partiyalar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, “Siyasi partiyalar haqqında” qanundan və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.
Siyasi partiyalarla münasibətlərdə dövlətin hüquq və vəzifələri “Siyasi partiyalar haqqında” qanundan 13-cü maddəsi ilə tənzimlənir. Bu maddəyə əsasən, dövlət siyasi partiyaların hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq onların öz  vəzifələrini yerinə yetirmələri, habelə öz sənədlərini dövlət mətbuat orqanları vasitəsilə yaymaları üçün bərabər hüquqi şərait yaradılmasına, partiyaların rəhbər orqanlarının mühafizəsinə və təhlükəsizliyinə, təminat verir. Dövlət bu Qanunun 17-1-ci maddəsinə (Siyasi partiyaların fəaliyyəti bu Qanuna uyğun olaraq dövlət büdcəsindən ayırmalar və əldə etdikləri digər vəsaitlər hesabına maliyyələşdirilir) uyğun olaraq dövlət büdcəsindən vəsaitin ayrılması yolu ilə siyasi partiyalara maliyyə yardımı göstərir. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət orqanlarının və vəzifəli şəxslərin siyasi partiyaların fəaliyyətinə qarışmasına yol verilmir.

Onların ləğv edilməsi isə 16-cı maddə ilə tənzimlənir. Bu maddədə bildirilir ki, siyasi partiya siyasi partiyanın qurultayının siyasi partiyanın ləğvi barədə qərarı və ya məhkəmənin qərarı əsasında ləğv edilir. Ləğv barədə siyasi partiyanın qurultayının qərarı siyasi partiyanın nizamnaməsində nəzərdə tutulmuş qaydada qəbul edilir.
Siyasi partiyanın ləğvi barədə məhkəmə qərarı müvafiq icra hakimiyyəti orqanının ərizəsi əsasında Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq qəbul edilir və onun kreditorlarının tələbləri Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən olunmuş qaydada ödənilir.

Ləğv edilmiş siyasi partiyanın adından çıxış etmək və ya fəaliyyət göstərmək, yaxud onun fəaliyyətinin qanunsuz təşkilində və ya işində iştirak etmək qadağandır.

Tahirə

Xəbər xətti